SİYASƏT
CGTN: Azərbaycan döyüşlərdə əsas uğurlar əldə etdikdən sonra sülh razılaşması imzalanıb
Pekin, 11 noyabr, AZƏRTAC
Azərbaycan Dağlıq Qarabağa nəzarət uğrunda döyüşlərdə bir sıra əsas uğurlar əldə etdikdən sonra sülh razılaşması imzalanıb.
AZƏRTAC xəbər verir ki, Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində yerləşdirilən məqalədə bu barədə qeyd olunur. Bildirilib ki, 6 həftə davam edən döyüşlərdən sonra Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri döyüşlərin dayandırılması haqqında sənəd imzalayıblar. Sənədə əsasən, ərazilər Azərbaycana təhvil veriləcək, məcburi köçkünlər öz yurdlarına qayıda biləcəklər.
Məqalədə qeyd olunur ki, döyüşlərin dayandırılması barədə sənədin imzalanması Azərbaycanda sevinclə qarşılansa da, Ermənistanda tam əksi yaşanıb, yüzlərlə etirazçı Ermənistan parlamentə soxulub, qanunverici orqanın sədrinə hücum ediblər. Qəzəbli etirazçılar bununla kifayətlənməyərək, baş nazir Nikol Paşinyanı axtarıblar, amma onu iş yerində tapmaq mümkün olmayıb. Baş nazir “Facebook” sosial şəbəkəsi üzərindən xalqa müraciət edərək, ordu rəhbərliyinin təklifi əsasında döyüşlərin dayandırılması haqqında sənədi imzaladığını açıqlayıb. Ermənistanın hökumət başçısı orduda həlli görünməyən problemlərin olduğunu, resursların tükəndiyini etiraf edib.
Yazıda Qarabağdakı müharibənin Ermənistanda yaratdığı siyasi gərginlikdən, sosial narazılıqdan ətraflı bəhs olunub.
CGTN-nin saytında Qarabağ müharibəsinə aid digər məqalədə isə Azərbaycan Ordusunun nailiyyətlərinin yekunu kimi sülh bəyanatının imzalandığı qeyd olunub. Bu nailiyyətlərə 1991-1994-cü illərdəki müharibədə itirilmiş onlarla yaşayış məntəqəsinin, o cümlədən bölgədə strateji mövqeyi olan Şuşa şəhərinin azad edilməsi daxildir. Həmin müharibədə təxminən 30 min nəfər ölmüş, xeyli sayda sakin öz evlərini tərk etməli olmuşdu.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin