DÜNYA
ÇAMMU VƏ KƏŞMİR ŞTATINDA FACİƏ
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Hindistanın Cammu və Kəşmir ştatında törədilmiş terror aktı nəticəsində zərər çəkənlərin sayı 90-a çatmışdır. Dəqiqləşdirilmiş məlumata görə, Uri şəhərində partlayışdan 9 adam ölmüş, azı 80 nəfər yaralanmışdır. Ştatın Nazirlər Kabinetinin iki məsləhətçisi həlak olanlar arasındadır.
Terror aktı Xalq Demokrat partiyasının (XDP) təşkil etdiyi seçkiqabağı mitinq zamanı baş vermişdir. Yaraqlılar izdihama əl qumbaraları atmışlar.
Ştatın maliyyə naziri Müzəffər Hüsseyn Bəy, Cammu və Kəşmir ştatının turizm naziri Qulam Həssən Mir yaralanmışlar.
XDP–nin prezidenti müfti Mehbodha təsadüf nəticəsində sağ qalmışdır. O, xitabət kürsüsünə doğru gedərkən, əl qumbaralarından biri ondan 100 metr aralıda partlamışdır.
Dörd nəfər yerindəcə ölmüş, polis sonradan daha beş adamın öldüyünü təsdiq etmişdir.
Zərərçəkənlərin hamısı xəstəxanalara çatdırılmışdır. Həkimlərin dediyinə görə, azı on nəfərin vəziyyəti son dərəcə ağırdır.