DÜNYA
“ÇARLİ” QASIRĞASI FLORİDA ŞTATINI MÜSİBƏTƏ DÜÇAR ETDİ
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, ABŞ-ın Florida ştatının avqustun 13-də məruz qaldığı “Çarli” qasırğası nəticəsində onlarca insan ölmüş, yüzlərlə adamın harada olduğu məlum deyildir. Hakimiyyət orqanları hətta təxmini rəqəmlər göstərməkdə çətinlik çəkirlər, çünki xilasedicilər və həkimlər təbii fəlakətdən daha çox zərər çəkmiş bir çox yaşayış məntəqələrinə gedə bilmirlər.
Qasırğanın daha çox ziyan vurduğu Şarlott dairəsinin Fövqəladə hallar idarəsinin başçısı Ueyn Selled Si-En-En teleşirkətinin müxbirinə demişdir ki, həlak olanları və itkin düşənləri axtaranlara meyitləri gətirmək üçün 60 plastik kisə verilmişdir. Onun sözlərinə görə, Punta-Qorda şəhərciyində “Çarli” küləyinin sürəti saatda 290 kilometrə çatırdı.
Xilasetmə işlərini çətinləşdirən odur ki, qasırğanın dağıtdığı evlərin uçuqları, kökündən çıxardığı ağaclar və yıxdığı elektrik xətlərinin dayaqları yolları kəsdiyindən xilasedicilər fəlakət yerlərinə gedə bilmir. Bütün ştatda 2 milyondan çox adam elektrik enerjisindən məhrumdur.