RƏSMİ XRONİKA
ÇARLZ UOLD: PREZİDENT İLHAM ƏLİYEVİN NÜMAYİŞ ETDİRDİYİ LİDERLİK REGİONDA MÜSBƏT DƏYİŞİKLİKLƏRƏ SƏBƏB OLACAQDIR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ-IN AVROPA KOMANDANLIĞININ QƏRARGAH RƏİSİNİN MÜAVİNİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Qonaqları səmimiyyətlə salamlayan dövlətimizin başçısı dedi ki, Azərbaycanla Birləşmiş Ştatlar arasında ikitərəfli münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. Bu əməkdaşlıq xüsusilə regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərində daha dinamik xarakter almışdır. Prezident İlham Əliyev təəssüflə xatırlatdı ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və digər regional münaqişələr nəticəsində Qafqazda qeyri-sabitlik mövcuddur. Bu münaqişələr çoxlu sayda qaçqın və köçkünün öz doğma torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, beynəlxalq ictimaiyyətin səyləri nəticəsində tezliklə münaqişələri nizama salmaq və regionda sabitliyə nail olmaq mümkün olacaqdır.
Azərbaycan regionda təhlükəsizliyin təmin olunmasında çox mühüm rol oynayır və ölkəmiz münaqişələrin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə nizama salınmasına tərəfdardır.
Prezident İlham Əliyev ölkəmizin ilk günlərdən Birləşmiş Ştatların beynəlxalq terrorizmə qarşı apardığı qlobal mübarizəyə qoşulduğunu vurğulayaraq dedi ki, Azərbaycan ABŞ-ın müttəfiqidir və bu, gələcəkdə də davam edəcəkdir. Dövlətimizin başçısı NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində ABŞ və digər üzv ölkələrlə sıx əməkdaşlığın da mövcud olduğunu xatırlatdı və Şimali Atlantika Alyansının həyata keçirdiyi təlim proqramlarının Azərbaycan ordusunun yüksək səviyyəyə çatdırılmasında böyük əhəmiyyətə malik olduğunu söylədi. Prezident İlham Əliyev Xəzərin enerji ehtiyatlarının inkişafı proqramı çərçivəsində və boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması sahəsində Birləşmiş Ştatlarla əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini vurğuladı. Səmimi qəbula görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən general Çarlz Uold dedi: “İstərdim, mətbuatın burada iştirakından istifadə edərək, Sizin haqqınızda yüksək fikrimi ifadə edim. Siz Prezident seçildikdən sonra regionda nümayiş etdirdiyiniz liderlik ölçüyəgəlməzdir. Bunu yalnız Birləşmiş Ştatlarda deyil, bütün dünyada anlayırlar. Bizə tam aydındır ki, Sizin liderliyiniz bu regionda müsbət dəyişikliklərə səbəb olacaqdır”. Sonra qonaq terrorizmə qarşı qlobal mübarizə məsələlərinə toxunaraq vurğuladı ki, bu həftə İspaniyada törədilmiş terror aktı bu mübarizədə geniş əməkdaşlığın vacibliyini bir daha göstərdi. O, Azərbaycanla Birləşmiş Ştatların hərbçiləri arasında əməkdaşlığın nümunəsi kimi Kosovo və Əfqanıstandakı birgə əməliyyatları xatırlatdı. General Çarlz Uold Xəzər dənizində sərhədin mühafizəsi proqramının uğurla davam etdiyini bildirərək, bu sahədə sahilyanı ölkələr arasında sıx əməkdaşlığın zəruriliyini də qeyd etdi. O, habelə vurğuladı ki, Prezident İlham Əliyevin liderliyi və bacarıqlı siyasəti Ermənistan-Azərbaycan münaqişəsinin həllində də müsbət dəyişikliklərə səbəb olacaqdır. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı. Qəbulda Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş iştirak edirdilər.