REGİONLAR
ÇAYÇILIĞIN İNKİŞAFINA DAİR BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
Lənkəran Dövlət Universiteti mətbuat və informasiya xidmətinin rəhbəri Etibar Əhədov AZƏRTAC-ın müxbirinə demişdir ki, bu təhsil ocağının Azərbaycan Çay Assosiasiyası, İran İslam Respublikasının Gilan Universiteti və Gilan Elmi Tədqiqat Kənd Təsərrüfatı və Təbii Mənbələr Mərkəzinin birgə təşkil etdikləri beynəlxalq elmi konfransı LDU-nun rektoru, texnika elmləri doktoru, professor Mirzə Bağırov açaraq, tədbirin əhəmiyyətindən, məqsəd və vəzifələrindən, Azərbaycan-İran əlaqələrindən danışmışdır.
Respublika İqtisadi İnkişaf Nazirliyi aqrar-sənaye siyasəti şöbəsinin rəisi Şahverdi Əhədov, “Azərsun-Holdinq” Şirkətlər Birliyinin “Sun-tea” ATSC-nin sədri Zərdabi Nağıyev Xəzərsahili bölgələrdə çayçılığın inkişaf perspektivləri barədə təklif və tövsiyələrini vermişlər.
Konfransın plenar iclasında Azərbaycan Çay Assosiasiyasının prezidenti, Lənkəran Dövlət Universitetinin kafedra müdiri, kənd təsərrüfatı elmləri doktoru, professor Fərman Quliyev, İran İslam Respublikası Gilan Universitetinin dekanı Abdulla Hatəmzadə və Gilan Elmi Tədqiqat Çayçılıq Baş İdarəsinin rəis müavini Rəmzan Bəxşipur Xəzərsahili subtropik bölgələrdə çayçılığın vəziyyəti və inkişaf problemləri, bu sahədə elmi tədqiqat işlərinin əhəmiyyəti, çayın seleksiyası və torpaqların təsnifatı və s. mövzularda çıxış etmişlər.
Konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir. “Çay plantasiyalarının məhsuldarlığının və keyfiyyətinin artırılması yolları və problemləri”, “Çaya yararlı torpaqların öyrənilməsi, münbitliyinin artırılması yolları və problemləri” adı altında keçirilən bölmə iclaslarında 50-dən çox məruzə dinlənilmişdir.
Konfransda çay istehsalını ləngidən səbəblər elmi baxımdan təhlil edilmiş, emal və istehsal sahələri arasında əlaqələrin genişləndirilməsi yollarından danışılmış, məhsuldarlığın artırılması və keyfiyyətin yaxşılaşdırılması istiqamətində vəzifələr müəyyənləşdirilmiş və qətnamə qəbul edilmişdir.
Elmi və aktuallığı ilə maraq doğuran məruzələr mükafatlandırılmışdır.
Konfransın işində İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Fərhad Bəyat, cənub bölgəsi ictimaiyyətinin nümayəndələri, çay mütəxəssisləri iştirak etmişlər.