İDMAN
ÇEMPİONLAR LİQASI TURNİRİNİN YARIMFİNAL MƏRHƏLƏSİNİN CAVAB OYUNLARI ƏRƏFƏSİNDƏ
Bu gün İspaniyanın kiçik Vila-Real şəhərində yerli “Vilyarreal”la Londonun “Arsenal” komandası arasında keçiriləcək oyunda ilk finalçı məlum olacaqdır. Maraqlıdır ki, finala hansı klubun çıxmasından asılı olmayaraq, onlar buna tarixlərində ilk dəfə nail olacaqlar. Mütəxəssislərin fikrincə, birinci görüşdə 1:0 hesabı ilə qalib gəlmiş və heyətində daha təcrübəli oyunçular olan “Arsenal”ın finala çıxmaq şansı çoxdur. Qeyd edək ki, ölkə çempionatının 35-ci turunda “Arsenal” öz meydançasında 4-cü yerdə qərarlaşmış “Tottenhem”lə son dərəcə vacib görüşdə qalib gələ bilməmişdir- (1:1). Çempionlar liqası turnirlərində İngiltərədən cəmi 4 klubun iştirakını və ölkə çempionatının sonuna 3 turun qaldığını nəzərə alsaq, “Arsenal”ın “Tottenhem”ə çatmaq şansı xeyli azalmışdır və qitəmiqyaslı turnirdə qalib gəlmək onlar üçün çox əhəmiyyətlidir. Lakin, “Vilyarreal” da eyni vəziyyətdədir, onların hətta UEFA kuboku turnirində oynamaq şansı da demək olar ki, sıfıra bərabərdir. Ona görə də cavab görüşünün son saniyəyədək olduqca gərgin keçəcəyi şübhəsizdir.
Aprelin 26-da keçiriləcək “Barselona”-“Milan” görüşündə isə tam üstünlük ispanlardadır. Onlar həm birinci görüşdə, özgə meydançasında qalib gəlmişlər (1:0), həm də “Milan” ölkə çempionatında “Messina”ya qarşı keçirdiyi son oyunda zədə üzündən bir neçə əsas oyunçusunu itirmişdir. İspaniya çempionatının son turunda Sevilyada dolu və yağış yağdığından eyniadlı yerli komanda ilə “Barselona”nın görüşü isə təxirə salınmışdır. Bu da oyunçulara sabahkı görüşə daha yaxşı hazırlaşmaq üçün əlavə imkan yaratmışdır.