SİYASƏT
ÇİN AZƏRBAYCAN DAXİLİ İŞLƏR NAZİRLİYİNİN BEYNƏLXALQ CİNAYƏTKARLIĞA QARŞI MÜBARİZƏ SAHƏSİNDƏ QAZANDIĞI TƏCRÜBƏNİ YÜKSƏK QİYMƏTLƏNDİRİR
Ölkəmizin daxili işlər nazirini mehribanlıqla salamlayan, onun dəvətini qəbul edib ÇXR-ə rəsmi səfərə gəldiyinə görə minnətdarlığını bildirən cənab Çjou Yunkan rəhbərlik etdiyi nazirliyin Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini nəzərə çarpdırmışdır.
Səmimi sözlərə və qonaqpərvərliyə görə təşəkkür edən nazir Ramil Usubov ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən demokratikləşmə prosesindən, beynəlxalq terrorizmə və cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdən ətraflı söhbət açmışdır.
Görüş zamanı qarşılıqlı surətdə faydalı əməkdaşlıqdan razılıqla bəhs edən tərəflər beynəlxalq terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və cinayətkarlığa qarşı mübarizə sahəsində informasiya mübadiləsinin daha da genişləndirilməsinin vacib olduğunu vurğulamışlar.
Cənab Çjou Yunkan ÇXR İctimai Təhlükəsizlik Nazirliyinin Azərbaycan Daxili İşlər Nazirliyinin beynəlxalq cinayətkarlığa qarşı mübarizə sahəsində qazandığı təcrübəni yüksək qiymətləndirdiyini söyləmiş və bu təcrübəni dərindən öyrənib işdə tətbiq etmək istədiklərini bildirmişdir.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılmışdır.