ÇİN KOMPYUTER VİRUSU DÜNYADA MİNLƏRLƏ KOMPYUTERİ SIRADAN ÇIXARMIŞDIR
AzerTAg.az
AZƏRTAC-ın İTAR-TASS-dan aldığı xəbərə görə, ÇXR, ABŞ və Avropada minlərlə kompyuteri Çində hazırlanan ən dağıdıcı virus sıradan çıxarmışdır.
Proqramın kodunu öyrənən Şanxay İnformasiya Texnologiyaları Mərkəzinin mütəxəssisləri infeksiyaya yoluxan kompyuterlərə ciddi ziyan yetirmək kimi potensial imkanlar baxımından bu virusa ən yüksək təhlükəlilik dərəcəsi vermişlər.
Ekspertlərin məlumatına görə, worm.whboy adlı proqram soxulcanı Çinin Uxan əyalətində hazırlanmışdır və son bir neçə gün ərzində internet şəbəkəsi ilə sürətlə yayılmağa başlamışdır. Virusun xüsusiyyəti proqramların buraxılışına əngəl törədərək və məlumat bazasının işini pozaraq müəssisə və idarələrin lokal şəbəkələrini sıradan çıxarmaqdır. Ekspertlər bildirirlər ki, kod Windows sisteminin yalnız Çin versiyasını yoluxdurur. Çinlə biznes əlaqələri olan minlərlə xarici şirkətin ofisləri zərbə altında qalmışdır.
Ölkənin antivirus şirkətləri və virus hücumları ilə mübarizə mərkəzləri bu təhlükəyə reaksiya verərək, ümumi istifadə üçün zəruri proqram “yamaqları” istehsal etmişlər. Windows əməliyyat sistemləri istifadəçilərinə sistemin əsas komponentləri üçün müvafiq yenilikləri yükləmək və parolu dəyişdirmək məsləhət görülür.
Xəbərin mətnində orfoqrafik səhv var