SİYASƏT


ÇİN XALQ RESPUBLİKASINDAKI SƏFİRLİKDƏN

Ölkəmizin Pekindəki səfiri Yaşar Əliyev Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 12-ci ildönümünə həsr olunmuş mətbuat konfransı keçirmişdir.

Səfirlikdən AZƏRTAC-a daxil olan məlumatda deyilir ki, Çin Xarici İşlər Nazirliyinin məsul əməkdaşının, bu ölkənin, habelə, Türkiyə, Rusiya və Qazaxıstan jurnalistlərinin iştirak etdikləri mətbuat konfransında diplomatımız Çin Xalq Respublikasının Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu və ötən 12 il ərzində iki ölkə arasında münasibətlərin yüksək səviyyəyə çatdığını bildirmişdir. Səfir vurğulamışdır ki, dövlətlərarası münasibətlərin əsasları Azərbaycan Prezidenti Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri zamanı qoyulmuşdur. Həmin səfər zamanı aparılmış danışıqlar və imzalanmış sənədlər gələcək əməkdaşlığın perspektivlərini müəyyən etmişdir.

Siyasi sahədə ölkələrimiz arasında fikir ayrılığının olmadığını xüsusi vurğulayan səfir Çinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və zəbt edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsinə tərəfdar olduğunu bildirmiş, Azərbaycanın isə vahid Çin prinsipini tam dəstəklədiyi və bu ilin mart ayında Tayvanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar Azərbaycan Respublikası XİN-in 30 mart 2004-cü il tarixli bəyanatının bunun bariz nümunəsi kimi qeyd etmişdir.

Sürətlə inkişaf edən iqtisadi əlaqələr haqqında söhbət açan səfir Y.Əliyev, 2002-ci ildə ticarət dövriyyəsinin ilbəil yüksəldiyini, o cümlədən, 2003-cü ildə Azərbaycanın Çinə ixracının təxminən 22 dəfə artdığını xatırlatmışdır. Konkret iqtisadi layihələrə toxunan diplomat Çinin neft şirkətlərinin Azərbaycanda fəaliyyət göstərdiyini, Azərbaycanın Mingəçevir və Şəki su elektrik stansiyalarının tikinti-bərpa işlərinin Çin şirkəti tərəfindən həyata keçirilməsinə dair danışıqların aparıldığını, TRASEKA nəqliyyat dəhlizinə Çinin maraq göstərdiyini və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün böyük imkanlar olduğunu bildirmişdir.

Humanitar sahələrdə də əməkdaşlıq genişlənir. Hazırda 19 Azərbaycan vətəndaşı Çinin ali təhsil ocaqlarında oxuyur, 100 nəfərdən artıq Çin vətəndaşı isə Azərbaycanın Neft Akademiyasında təhsil alır.

Daha sonra səfir ölkələrimizin işgüzar dairələrinin qarşılıqlı maraqlarını xüsusi vurğulamış və əmin olduğunu bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına gözlənilən səfəri ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.