ELM VƏ TƏHSİL


“Çağımızdan görünən orta əsrlər” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb

Bakı, 15 dekabr, AZƏRTAC

Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxana – İnformasiya Resursları Mərkəzində akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi Azadə Rüstəmovaya həsr olunmuş “Çağımızdan görünən orta əsrlər” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Konfransda Azərbaycanın elmi ictimaiyyəti ilə yanaşı, Böyük Britaniya, Türkiyə, Rusiya, Bolqarıstan, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən gəlmiş alimlər iştirak edirlər.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli ədəbiyyatşünas alim Azadə Rüstəmovanın yaradıcılığından ətraflı danışıb. Bildirilib ki, ədəbiyyatşünaslığın görkəmli simaları sırasında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi Azadə Rüstəmovanın özünəməxsus yeri var. Alimin elmi xidmətləri ilə Azərbaycan ədəbiyyatşünaslıq elmi və ümumiyyətlə, şərqşünaslıq sahəsi daha da zənginləşib. Azadə Rüstəmovanın “Azərbaycan epik şeirinin inkişaf yolları”, “Klassik Azərbaycan şeirində qəzəl”, “Nizami və onun poeziya sələfləri” kimi əsərləri orta əsrlər ədəbiyyatının araşdırılıb öyrənilməsində fərqli mərhələnin hadisəsi səviyyəsində qiymətləndirilməyə layiqdir.

Tədbirdə filologiya elmləri doktoru Fəridə Əzizova görkəmli alimin həyat və yaradıcılığı barədə məruzə ilə çıxış edib.

Məruzədə qeyd edilib ki, Azadə Rüstəmova güclü analitik təfəkkürə malik olan, müqayisəli idrak metodundan yerli-yerində, səmərəli istifadə edə bilən görkəmli ədəbiyyatşünas alimlərimizdən idi. Tədqiqatçının müxtəlif səpkili müqayisəli təhlilləri eyni bir sənətkarın ayrı-ayrı əsərləri, eyni bir dövrün müxtəlif şairləri və habelə ayrı-ayrı vaxtlarda yazıb yaratmış müəlliflər arasında aparılır. Alimin elmi fəaliyyətinin bir hissəsi Nizami və Füzuli yaradıcılığının təhlil və tədqiq istiqamətində olub. Azadə Rüstəmova Azərbaycan bədii-estetik fikrinin iki zirvəsi olan bu böyük söz ustadlarının əlvan və çoxsahəli irsinin öyrənilməsinə bir neçə monoqrafiya və elmi yazı həsr edib.

Konfransda akademiklər Vasim Məmmədəliyev, Teymur Kərimli, Rafael Hüseynov, AMEA-nın müxbir üzvləri Nizami Cəfərov və başqaları çıxış edərək Azadə Rüstəmovanın elmi yaradıcılığının müxtəlif istiqamətləri barədə geniş söhbət açıblar.

Sonra görkəmli alimin elmi yaradıcılığını əks etdirən sənədli film nümayiş olunub.

Dekabrın 16-dək davam edəcək beynəlxalq elmi konfransın bölmə iclaslarında 100-dən çox elmi məruzə dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.