CƏMİYYƏT


Çağırışaqədərki hazırlıq rəhbərləri ilə vebinarlar davam edir

Bakı, 6 may, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Təhsil Nazirliyi və Azərbaycan Gənclər Fondu ilə birlikdə təşkil edilmiş növbəti onlayn müzakirə Gəncə şəhər orta təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərlərinin iştirakı ilə keçirilib.

SHXÇDX-dən AZƏRTAC-a bildiriblər ki, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətə hazırlanmaları, hərbi peşəyönümü, həmçinin dərslərin keyfiyyətli tədrisinə dəstək göstərilməsi məqsədilə davam etdirilən silsilə tədbirlər mütəşəkkilliyi ilə fərqlənir.

Çağırışaqədərki hazırlıq rəhbərləri “Vətənpərvər Azərbaycan gəncliyi” devizi altında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindəndir” mövzusunda tədbirə böyük maraq göstəriblər.

Tədbir barədə ətraflı məlumat verən Xidmətin idarə rəisi mayor Füzuli İsmayılov qeyd edib ki, ümummilli lider Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində milli hərbi kadr hazırlığı məsələsini prioritetə çevirib. Azərbaycanlı gənclərin zabit peşəsinə yiyələnmələri üçün o zamankı ittifaq çərçivəsində əsaslı işlər görülüb. Mayor F.İsmayılov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan siyasətin əsas istiqamətlərindən biri kimi gənclərin vətənpərvərlik tərbiyəsi məsələsinin əhəmiyyətini konkret faktlarla əsaslandırıb. O bildirib ki, çağırışaqədərki hazırlıq dərsləri gənclərin ilkin hərbi biliklərə yiyələnmələrində, onların hərbi xidmətə hazırlanmalarında mühüm əhəmiyyət daşıyır.

Vebinarda Təhsil Nazirliyinin şöbə müdirinin müavini Orxan Abbasov deyib ki, çağırışaqədərki hazırlıq rəhbərləri ilə keçirilən tədbirlər tədris prosesinin yaxşılaşdırılması və fikir mübadiləsi üçün müəyyən əhəmiyyətə malikdir. O.Abbasov ölkə rəhbərinin gənc nəslin vətənpərvərlik tərbiyəsi istiqamətində təhsil işçiləri qarşısında qoyduğu vəzifələrin icrası baxımından çağırışaqədərki hazırlığın əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin şücaəti müəyyən mənada ümumtəhsil məktəblərində təlim-tədrisin əməli nəticəsidir və bu işdə çağırışaqədərki hazırlıq rəhbərlərinin rolu danılmazdır.

Azərbaycan Gənclər Fondunun əməkdaşı Ülvi Adıgözəlov bildirib ki, təlimin daha da təkmilləşdirilməsi, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi üçün məktəb və cəmiyyət əməkdaşlığının inkişafı önəmlidir. Gənclər Fondu vətənpərvərlik tərbiyəsi üçün gənclərin fərdi və gənclər təşkilatlarının müxtəlif layihələrini dəstəkləyir.

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev belə bir görüşün təşkilinə görə minnətdarlıq edib, cəmiyyətdə hərbi peşəyə marağın yüksəlməsində və taleyini hərb sənətinə həsr edən gənclərin sayının davamlı artmasında çağırışaqədərki hazırlıq rəhbərlərin rolunu diqqətə çatdırıb.

Tədbirdə iştirak edən Gəncə şəhər 17, 39, 43 və 44 saylı tam orta məktəblərin müəllimləri Ceyhun Əzizov, Səfər Hüseynov, Tacəddin Verdiyev və Zübair Dadaşov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Maraqlı müzakirələr şəraitində keçən tədbirin sonunda suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.