DÜNYA
Çanaqqala zəfəri müasir Türkiyə dövlətinin möhkəm təməlini təşkil edir
Ankara, 17 mart, AZƏRTAC
Türkiyə xalqı Çanaqqala dəniz döyüşləri zəfərinin 104-cü ildönümünü təntənəli şəkildə qeyd edir. Ölkənin hər yerində bayram mərasimləri təşkil olunub. Orta məktəblərdə Çanaqqala zəfərinin müasir Türkiyə üçün əhəmiyyətinə dair xüsusi dərslər və tədbirlər keçirilib. Ölkə KİV-ləri Türkiyə dövlətinin banisi qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanan istiqlal savaşının uğurlu nəticələrinə dair çeşidli məlumatlar yaymaqdadır.
AZƏRTAC xəbər verir ki, Çanaqqala zəfəri, eyni zamanda, 18 Mart - Şəhidlər Günü ilə əlaqədar ölkənin hər yerində anım mərasimləri təşkil olunub. Çanaqqala dəniz döyüşlərinin zəfər bayramına aid bütün tədbirlərdə şəhidlərin xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub.
Qeyd edək ki, Çanaqqala 1915-1916-cı illərdə, Birinci Dünya müharibəsi zamanı Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş vermiş dəniz və quru döyüşüdür. İttifaq ölkələri Osmanlı dövlətinin paytaxtı İstanbulu almaq məqsədilə boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazına girərək müharibənin taleyini tam şəkildə həll etməkdə qərarlı idilər. Lakin bu hücumlar uğursuz başa çatdı. Hər iki tərəf də çox ağır itkilər verdi. Antanta dövlətlərinin hərbi dəniz qüvvələrinin Çanaqqala boğazını keçmək cəhdləri 1915-ci il martın 18-də böyük məğlubiyyətə uğradı. 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək olan dövrdə baş verən bu döyüşlər müasir Türkiyə dövləti üçün tarixi əhəmiyyəti daşıyır. Tarixi mənbələrə görə, Osmanlı ordusu Çanaqqala döyüşlərində 250 min şəhid verib. Şəhidlərin əksəriyyəti gəclər olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara