CƏMİYYƏT


Çantada narım qaldı...

Bakı, 5 may, AZƏRTAC

Canım-gözüm Qarabağ...

Onu həmişə belə vəsf etmişik, şəninə şeirlər, mahnılar qoşulub, gözəlliyi cənnətə tay tutulub...

İsmayıl Qarabağın cənnət gözəlliyini görməyib, onun haqqında ancaq eşitdiklərindən, şeir və mahnılardan xəbər tutub.

Amma harayına birincilər sırasında hay verib. Ötən ilin iyulunda ermənilərin Tovuza hücumundan sonra könüllülər sırasında döyüşmək üçün cəbhəyə yazılıb.

AZƏRTAC xəbər verir ki, İsmayıl Hüseynov ötən il sentyabrın 27-də könüllü olaraq cəbhəyə yola düşüb.

22 yaşı tamam olandan 9 gün sonra...

Müharibənin ilk günlərindən Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Neçə-neçə strateji əhəmiyyətli yüksəkliyin, kəndin, qəsəbənin alınmasında onun da əməyi olub.

O, özünün iştirakçısı olduğu 25 günlük döyüş yolunda çox hadisələrin şahididir. Hərbi əməliyyatların birində İsmayıl xoş təsadüf nəticəsində ölümdən xilas olub. Cəbrayılın kəndləri uğrunda döyüş gedərkən onlar təpənin ən hündür nöqtəsinə doğru irəliləyərək düşmən atəşinə layiqli cavab verirdilər. Bu vaxt təpənin aşağısına düşən minomyotun mərmiləri ətrafa səpələnib. Həmin vaxt Neftçaladan olan əsgər yoldaşı Məhəmməd Xantəmirov cəld hərəkətlə İsmayılın başını aşağı əyməsəydi, qəlpələr onu da hədəf seçəcəkdi...

İsmayıl özü də kimlərinsə həyatını xilas edib. Yenə də Cəbrayılın kəndlərindən birində ətrafa dağılan qəlpələr yanındakı döyüş yoldaşı ilə onu öz qurbanına çevirə bilərdi. Bu dəfə də İsmayıl həm özünü, həm də yanındakı döyüş yoldaşını mərminin hədəfindən kənara çəkə bilib.

Oktyabrın 21-dəki döyüş isə onun iştirak etdiyi son əməliyyat olub. Əməliyyatdan əvvəl döyüş yoldaşı ilə yaxınlıqdakı nar bağına girib. Barlı budaqlardan sallanan qıpqırmızı qızarmış iki nar dərərək “əməliyyatdan sonra yeyərik” deyib.

Döyüş əməliyyatının qızğın yerində yaxında düşən minomyot mərmisinin güclü dalğası İsmayılı göyə tullayıb. Yerə düşəndə dizində getdikcə şiddətlənən sızıltı, bədəninə dolan qəlpələrin dəhşətli ağrısını hiss edib. Dişləri sındığından ağzı qanla dolmuşdu, boğazından və gözlərindən qan axırdı. Özünü toplayaraq yaxınlıqdakı kola qədər sürünüb. Dəhşətli ağrı içində olsa da, hər şey kino lenti kimi gözləri önünə gəlir: atası Məhəmməd, anası Səadət, bacıları Şəhla, Lalə, Cəlilabadda oxuduğu Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəb, Qazaxda hava hücumundan müdafiə qüvvələrindəki hərbi xidmət illəri, qohumlar-dostlar, haqq savaşı meydanında qardaş kimi doğmalaşdığı döyüş yoldaşları...

Atəş səsləri ara vermir, döyüş davam edirdi. Ağrılar getdikcə şiddətlənir, gözləri heç nəyi görmürdü. Elə bu vaxt iki döyüş yoldaşı onu yerdən qaldıraraq yaralıları aparan maşına çatdırırlar...

Altı gündən sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalında koma vəziyyətindən ayılır. Huşu özünə gəlir, gözünü açır və... hər tərəfi qaranlıq görür.

İsmayılın gözləri dünya işığını itirmişdi...

Vətən müharibəsi qazisinə birinci qrup əlillik dərəcəsi verilib. “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Canım-gözüm Qarabağ...

O, nə Qarabağ haqqında şeir deyib, nə mahnı oxuyub, nə də şüar səsləndirib. Amma Qarabağ üçün, haqq savaşında onun öz qanunu sahiblərinə qayıtması üçün nə lazımsa onu edib. Canını da qurban verməyi əsirgəməyib, bir cüt gözünü də...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.