REGİONLAR


Çaqqallıqtəpə abidələr kompleksində arxeoloji qazıntıların növbəti mərhələsinə başlanılıb FOTO VİDEO

Şabran, 7 iyun, Elxan Yusifli, AZƏRTAC

Şabran rayonunun Aygünlü kəndi ərazisindəki eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidələr kompleksində arxeoloji qazıntıların növbəti mərhələsinə başlanılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda arxeoloqlar I Çaqqallıqtəpədə qazıntı işləri aparırlar. Əsas məqsəd mədəni təbəqəni sona qədər öyrənmək və təpənin ilk məskunlaşma dövrünü müəyyənləşdirməkdir.

Bu ərazidəki qədim yaşayış yerləri ötən əsrin 70-ci illərində qeydə alınıb. Ərazidə qədim təpəliklər mövcuddur. 2016-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Çaqqallıqtəpədə 5 minillik tarixə malik qazma evlər aşkarlanıb. Aşkarlanan tapıntılar Şimali Qafqazdan Suriyaya, Fələstinə qədər gedib çıxan Kür-Araz mədəniyyətinə aiddir. Eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid edilən abidə bu vaxta kimi Azərbaycanın şimal-şərqində aşkarlanan və tədqiqatlar aparılan ən qədim yaşayış məskənidir.

“Qazıntı zamanı Kür-Araz mədəniyyətinə aid edilən saxsı qablar, sümükdən, daşdan hazırlanmış müxtəlif əmək alətləri, tuncdan hazırlanmış iki ədəd asma, gil təkər modeli, daşdan hazırlanmış tokin (mübadilə, hesablama və digər məqsədlər üçün istifadə edilən fiqur), bir ədəd zoomorf gil fiqur aşkar edilib. Təmizlənmiş qazma tipli evin daxilində 5 ədəd dirək yerinin, iki kərpic sütunun, həmçinin kərpic sütunların arxa tərəfində qapı olması güman edilən, lakin sonradan çiy kərpiclə hörülən girişin aşkarlanması böyük maraq kəsb edir. Sahənin şimal hissəsində 19 cərgə kərpiclə hörülmüş dairəvi evin üzə çıxarılmasını da böyük yenilik hesab etmək olar. Bundan əlavə, ocaq yerləri, təsərrüfat quyuları da aşkarlanıb. Qazıntı sahəsinin mərkəz hissəsinin təmizlənməsi nəticəsində çox böyük diametrli evin dirək yerlərinin tapılması maraqlı faktlardan biridir”,- deyə Səfər Aşurov bildirib.

Şabran arxeoloji ekspedisiyasının üzvü Fidan Əliyeva deyib ki, qazıntı işləri zamanı abidə ərazisindən tapılan materialların əksəriyyəti keramikadır. Bu da abidənin tarixini müəyyənləşdirməyə kömək edən əsas amillərdəndir. Keramika nümunələrinin əksəriyyəti üzərində yarımşar formalı qulpları olan saxsı məmulatlardır. Bu isə Erkən Tunc dövrünün əsas atributu sayılır.

Qazıntılar zamanı əksəriyyətində ox ucluqları olan çaxmaq daşından alətlər də aşkarlanıb. Bu da sübut edir ki, eradan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlində burada yaşayan yerli əhali əkinçilik və maldarlıqla yanaşı, ovçuluqla da məşğul olub.

Ekspedisiyasının digər üzvü Sevinc Hüseynova bildirib ki, Çaqqallıqtəpədə qazıntılar zamanı aşkarlanan ən əhəmiyyətli tapıntılardan biri də elmi ədəbiyyatda tokin adlandırılan gil əşyalardır. Tokinlər yazıyaqədər mübadilədə istifadə olunan gildən hazırlanmış xüsusi jetonlardır. Erkən Tunc dövrünə aid bu əşyalara indiyədək Azərbaycanda yalnız Naxçıvan Muxtar Respublikası ərazisindəki Maxta tarixi abidəsində rast gəlinib. Tokinlər Çaqqallıqtəpənin yerləşdiyi ərazidə ilkin inzibati idarəetmənin, yəni dövlətçilik ənənələrinin mövcud olduğunu sübut edir.

Qazıntılar Çaqqallıqtəpə abidəsində 4 tikinti xüsusiyyətini müəyyənləşdirməyə kömək edib. Birincisi, ərazidə Erkən Tunc dövrünə aid 5 qazma ev tapılıb və bu tip evlər Azərbaycanda hələ öyrənilməyib. İkincisi, Kür-Araz mədəniyyətinə xas olan gil möhrə üzərində yüngül konstruksiyalı ağac örtüklü evlərin qurulmasıdır ki, bu, bölgə üçün xarakterikdir. Üçüncü xarakterik xüsusiyyət daş özül üzərində dairəvi evlərin tikintisidir. Dördüncü isə çiy kərpicdən hörülmüş evlərdir.

Çaqqallıqtəpə abidələr kompleksində arxeoloji qazıntılar iyun ayının sonunadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.