CƏMİYYƏT
Çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə beş istiqamət üzrə qarölçmə işləri başlayıb
Bakı, 14 mart, AZƏRTAC
Martın 9-dan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, aprel, may, iyun aylarında, yəni yaz-yay gursululuq dövründə çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə beş istiqamət üzrə qarölçmə işlərinə başlayıb. Həmin istiqamətlər Böyük Qafqaz təbii iqtisadi zonası üzrə birinci istiqamət Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, ikinci istiqamət - Quba, Qusar. Kiçik Qafqaz iqtisadi zonası üzrə isə Daşkəsən, Gədəbəy, Göygöl, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə Kəlbəcər, Laçın, Şuşa, Xocavənd rayonlarında 31 marşrut üzrə qarölçmə işləri aparılır. Hazırda qarlı hava şəraiti davam edir və çay hövzələrində qar örtüyü əmələ gəlib. Temperaturun tədricən yüksəlməsi fonunda qarın əriməsi çaylarda sululuğun artımına səbəb olacaq. Qarölçmə işlərinin yekun nəticəsi martın sonlarında məlum olacaq.
Bunu AZƏRTAC-a xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
A.Verdiyevin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisindən axan Bərgüşadçay, Həkəriçay, Zabuxçay, Köndələnçay, Quruçay, Oxçuçayın hövzələrində sululuğun proqnozu tərtib olunacaq: “Apreldə qarın əriməsi və yağış yağması nəticəsində çayların gursululuq dövrü başlayır. Kür çayına tökülən çaylarda da sululuğun artımı gözlənilir. Bu da Kürün aşağı axınında sululuğun artacağını proqnozlaşdırmağa imkan verir”.