REGİONLAR


Çaylarda mühafizə tədbirləri görülür VİDEO

İmişli, 11 may, AZƏRTAC

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi qrafikə uyğun olaraq işini davam etdirir. İdarənin vəzifəsi əhalini, yaşayış məntəqələrini, kənd təsərrüfatı və xalq təsərrüfatı obyektlərini çaylarda baş verən daşqın və sel sularının zərərli təsirlərindən qorumaqdan ibarətdir. Bu məqsədlə Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi respublikanın 12 rayonunda, idarənin xidməti ərazisinə daxil olan ərazilərdə fəaliyyət göstərir. İdarənin balansında 1491 kilometrdən artıq mühafizə bəndi var. Ondan 936 kilometri Kür çayında, 134 kilometrdən çoxu Araz çayında, 421 kilometri isə dağ çayları və göllərin mühafizə bəndləridir.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, mühafizə bəndlərində 137 hidrotexniki qurğu mövcuddur. Həmin hidrotexniki qurğuların da vaxtaşırı təmiri həyata keçirilir. Hazırda idarənin balansında olan Girdimançayda mühafizə tədbirləri ilə əlaqədar olaraq bəndbərkitmə və məcratəmizləri işləri davam edir.

Genişmiqyaslı görülən tədbirlər çərçivəsində çayların sərt döngələrində sahilyuma prosesləri nəticəsində yaranmış təhlükəli vəziyyətləri aradan qaldırmaq məqsədilə 2012-ci ildən 2021-ci ilə qədər 14660 metr məsafədə daş-betonla sahilbərkitmə işləri yerinə yetirilib. Ötən il idarə tərəfindən mühafizə tədbirlərinin icrası olaraq Kür, Araz və dağçaylarında 108 kilometrə yaxın bəndin təmiri, 121 kilometrdən artıq qayakəsmə işləri, 17 kilometrə yaxın məcranın təmizlənməsi işləri başa çatdırılıb. Əlavə olaraq mühafizə bəndlərinə təhlükə yarana biləcək yerlərdə qaya uçqunlarının qarşısını almaq məqsədilə 2250 metr məsafədə daş-betonla sahilbərkitmə işləri aparılıb. 2022-ci ilin əvvəlindən bu günə kimi cari təmir planları əsasında 17 kilometrə yaxın məsafədə mühafizə bəndlərinin təmiri, 21 kilometr qayakəsmə işləri və 6 kilometr uzunluğunda məcratəmizləmə işləri həyata keçirilib. Bu işlərin yerinə yetirilməsində 19 ədəd ekskovator, 18 ədəd buldozer və 20 ədəd yükü özü boşaldan maşınlardan istifadə olunub.

Qeyd edək ki, Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi Qazax, Zərdab, Ucar, Ağcabədi, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əhalini, yaşayış məntəqələrini və kənd təsərrüfatı obyektlərinin sel sularından qorumaq üçün fəaliyyətini davam etdirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.