REGİONLAR
Çaylı-Pənahlılar-Dozular avtomobil yolunun avqust-sentyabr aylarında istifadəyə verilməsi nəzərdə tutulub
Bakı, 31 may, AZƏRTAC
M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 353-cü kilometrindən ayrılan yerli əhəmiyyətli Çaylı-Pənahlılar-Dozular yolunun yenidən qurulması sürətlə davam etdirilir.
Bu barədə AZƏRTAC-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Layihəyə əsasən, 18 kilometr uzunluğa malik olan yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun yenidən qurulur, yolun yararsız qruntu qazılaraq çıxarılır, yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir, dağ yamacları mexanizmlə kəsilir. Genişləndirilmiş və qazılmış hissələrə yararlı çınqıl materialı tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Yol yatağı hazır olan hissələrdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılır.
Bu işlərə paralel olaraq, artıq yola 2 qat yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 100 min kvadratmetrdən çox sahəni əhatə edəcək.
Yenidənqurma işləri çərçivəsində hazırda süni qurğuların inşası və əsaslı şəkildə bərpası da aparılır. Belə ki, Kürəkçay üzərində yerləşən və hər birinin uzunluğu 54 metr olan 3 aşırımlı 2 avtomobil körpüsü əsaslı şəkildə təmir olunub, yolun altından suların ötürülməsi üçün mövcud olan suötürücü borular bərpa olunur və müxtəlif diametrli 185 poqonmetr uzunluğunda yeni dəmir-beton suötürücü boruların, həmçinin 1 ədəd 12 poqonmetr uzunluğunda su keçidinin inşası işləri də görülüb.
Bütün işlər tikinti norma və standartlarına uyğun olaraq, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılır. Əraziyə cəlb olunmuş lazımi sayda qüvvənin köməkliyi ilə qısa müddətə tikinti işlərinin yekunlaşdırılması ilə yol boyu zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırıldıqdan, yol-cizgı və yolgöstərici xətlər çəkildikdən sonra yolun tam müasir şəkildə bu ilin avqust-sentyabr aylarında istifadəyə verilməsi nəzərdə tutulub.
Bununla da, həmin ərazidə yaşayan 3 min nəfər əhalinin gediş-gəlişi həm təhlükəsiz olacaq, yük və sərnişindaşınması asanlaşacaq.