İDMAN
“Çelsi” klubu Peter Çexə məşqçi və ya səfir kimi fəaliyyət göstərməyi təklif edib
Bakı, 16 yanvar, AZƏRTAC
Londonun “Arsenal” futbol klubunun qapıçısı Peter Çex daha əvvəl çıxış etdiyi “Çelsi” klubuna qayıda bilər.
AZƏRTAC xəbər verir ki, klub rəhbərliyi çexiyalı 36 yaşlı qapıçıya məşqçi və ya səfir kimi fəaliyyət göstərməyi təklif edib.
Cari mövsümün sonunda karyerasını başa vuracağını açıqlayan qapıçı ölkəsində doqquz dəfə ilin futbolçusu seçilib. Premyer Liqada 16 mövsüm keçirən P.Çex ən böyük uğurlarını 2004-2015-ci illərdə formasını geyindiyi “Çelsi” ilə qazanıb. Otuz altı yaşlı futbolçu karyerasında 4 dəfə İngiltərə çempionatının, 5 dəfə Federasiya kubokunun, 3 dəfə liqa kubokunun, bir dəfə isə UEFA Çempionlar Liqasının və Avropa Liqasının qalibi olub. O, UEFA tərəfindən üç dəfə Avropanın ən yaxşı qapıçısı seçilib.
Futbolçu 2015-ci ildə 14 milyon avroya “Arsenal”a transfer edilib.