İDMAN
“Çelsi” və “Barselona” UEFA Çempionlar Liqasının səkkizdəbir finalında
Bakı, 23 noyabr, AZƏRTAC
UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunun ikinci günündə keçirilən qarşılaşmalardan sonra “Çelsi” və “Barselona” komandaları səkkizdəbir finala vəsiqəni artıq təmin ediblər.
AZƏRTAC xəbər verir ki, “C” qrupunda yer alan İngiltərə çempionu “Çelsi” ötən gün Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” komandasını 4:0 hesabı ilə məğlub edərək xallarının sayını 10 çatdırıb. Bununla da londonlular növbəti mərhələyə adlayıblar. Qrupda “Roma”nın 8, “Atletiko Madrid”in 6, “Qarabağ”ın 2 xalı var.
“D” qrupunda isə “Barselona” səfərdə “Yuventus” ilə 0:0 hesablı heç-heçə edərək 11 xalla növbəti mərhələyə yüksəlib. “Yuventus” 8 xalla ikinci, “Sportinq” 7 xalla üçüncü, “Olimpiakos” isə 1 xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, daha əvvəl PSJ, “Bavariya”, “Mançester Siti”, “Beşiktaş”, “Tottenhem” və “Real” pley-off mərhələsinə vəsiqəni təmin ediblər.