QAN YADDAŞI
Çelyabinskdə Xocalı soyqırımının ildönümü qeyd olunub
Çelyabinsk, 26 fevral, AZƏRTAC
Rusiyanın Çelyabinsk vilayətində “Azərbaycan” İctimai Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Çelyabinsk Dövlət Universitetinin dekanı, Rusiyanın əməkdar müəllimi Sergey Repin, Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulu vəzifəsini icra edən İlqar İskəndərov, “Azərbaycan” İctimai Cəmiyyətinin prezidenti Abbas Mirzə, cəmiyyətin vitse-prezidenti Elxan Bədəlbəyli və gənclər təşkilatının sədri Emin Cavadov, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsullu vəzifəsini icra edən İlqar İskəndərov bildirib ki, Xocalı soyqırımı məhz ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə öz siyasi qiymətini alıb. O, Azərbaycan xalqının öz şəhidlərini heç zaman unutmayacağını, əziz ruhlarını hər zaman yad edəcəyini, Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti sayəsində nüfuzlu beynəlxalq təşkilatların, dünyanın qabaqcıl dövlətlərinin Xocalı faciəsini məhz soyqırımı aktı kimi tanıdığını qeyd edib.
İ.İskəndərov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası haqqında məlumat verib.
Rusiyanın əməkdar müəllimi Sergey Repin, “Azərbaycan” İctimai Cəmiyyətinin prezidenti Abbas Mirzə, cəmiyyətin vitse-prezidenti Elxan Bədəlbəyli, gənclər təşkilatının rəhbəri Emin Cavadov və başqaları çıxış edərək Xocalı soyqırımını törədənlərin cəzalandırılmasını tələb ediblər.
Tədbirdə Xocalı faciəsini əks etdirən fotoşəkillər və film nümayiş olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Çelyabinsk