DÜNYA
Çerniqov vilayətində partlayış baş verən hərbi anbardakı silah-sursatın yarısı daşınıb
Kiyev, 9 oktyabr, AZƏRTAC
Ukraynanın Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığındakı hərbi bazada baş verən yanğın və partlayış silah-sursat anbarının 10 faizindən artığını əhatə etməyib. AZƏRTAC xəbər verir ki, bu barədə bu gün keçirdiyi brifinqdə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini general-mayor Rodion Timoşenko məlumat verib. O deyib ki, artıq hərbi anbarda olan iri kalibrli silah-sursatın təxminən 50 faizi başqa əraziyə köçürülüb. Hazırda yanğın hərbi bazanın 5 anbarını əhatə edir.
Xatırladaq ki, bu gün səhər saatlarında Ukraynanın Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığındakı hərbi anbarda baş verən partlayışla bağlı ərazinin yaxınlığında 10 min nəfər evakuasiya olunub. Partlayış baş verən 6-cı Arsenal təxminən 682 hektar ərazidə yerləşir, onun 402 hektarı texniki ərazi hesab edilir.
Hadisə yerinə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin, Milli Qvardiyanın, Milli Polisin 600-dən çox canlı qüvvəsi və 100 texnikası cəlb edilib.
Çerniqov vilayəti təcili yardım stansiyasının yaydığı məlumata görə, partlayışdan sonra tüstüdən özünü pis hiss edən 63 nəfər xəstəxanalara müraciət edib. Partlayış zamanı ölüm faktı hələ ki, təsdiqlənmir.
Hadisənin baş verdiyi yerdən 22 kilometrlik məsafədə olan ərazidə avtomobillərin, qatarların hərəkətinə qadağa qoyulub.
Partlayışdan sonra Ukraynanın Baş naziri Qroysman hadisə yerinə gəlib. Onun rəhbərliyi ilə qərargah yaradılıb. Ukrayna Prezidenti Petro Poroşenko isə güc strukturlarının rəhbərlərinin iştirakı ilə müşavirə çağırıb.
Ukrayna Təhlükəsizlik Xidməti yaydığı məlumatda partlayışın diversiya olduğunu istisna etməyib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev