MƏDƏNİYYƏT


“Çernobıl” serialının müəllifləri sovet xalqının qəhrəmanlığını göstərmək istəyiblər

Bakı, 27 iyun, AZƏRTAC

ABŞ-Britaniya istehsalı olan “Çernobıl” mini serialının yaradıcıları ilk növbədə sovet xalqının qəhrəmanlığını göstərməyə çalışıblar. AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, bunu serialın ssenari müəllifi və icraçı prodüseri Kreyq Meyzin iyunun 26-da Vaşinqtondakı Vudro Vilson adına Elmi-Tədqiqat Mərkəzində çıxışında bildirib.

ABŞ-ın ekspertlər birliyinin, burada akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələrinin və jurnalistlərin bir araya gəldiyi tədbirdə serialın birinci hissəsi nümayiş etdirilib.

K.Meyzin deyib: “Mən istərdim ki, Qərb auditoriyası sovet vətəndaşlarının qəhrəmanlığını görsün. Biz heç vaxt bunu görmürük. Biz sovet rəhbərliyinin ünvanına yetərincə tənqid eşitmişik və bu, haqlı tənqiddir. Biz öz işimizdə qəzanın bu tərəfini də əhatə etməyə çalışmışıq. Lakin biz sovet vətəndaşlarının tarixini, onların hadisələrə baxışını, necə bir həyat yaşadıqlarını və bu həyat haqqında həqiqətləri heç vaxt görmürük”.

Onun sözlərinə görə, serialın yaradıcıları guya SSRİ-də, demək olar, bütün həyatın növbələrdə durmaqdan ibarət olduğu barədə Qərbdə yayılmış stereotiplərdən uzaqlaşmaq istəyiblər. “Onlar bir neçə əsr ərzində fəlakətlər və müsibətlərlə üzləşmiş, lakin buna baxmayaraq bir-birini xilas etmək üçün lazım gələn hər şeyi etməyə hazır olan inanılmaz insanlar olub. Mən istədim ki, insanlar bunu bilsinlər”- deyə amerikalı kino xadimi qeyd edib.

K.Meyzinin sözlərinə görə, informasiyanın verilməsini nəzarətdə saxlamaq insana xas olan təbii instinktdir, lakin çox vaxt yaxşı nəticə vermir. O, əminliklə bildirib: “İndi yalnız informasiyanın verilməsi qalıb. Hər şey reklamdır, jurnalistika reklama çevrilib, siyasət reklama çevrilib. Hər şey ticarət markası olub. Lakin həqiqət elə həqiqət olaraq qalır. İbrət dərsi bundan ibarətdir ki, vaxtı gələndə həqiqət hamıya bəlli olur. Bu, Çernobıl AES-də baş vermiş qəzaya da şamil oluna bilər”.

K.Meyzin sonda bildirib ki, serialın davamı çəkilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.