REGİONLAR
Çətənə bitkisi becərən Xaçmaz sakinindən 5 kiloqramdan çox marixuana götürülüb VİDEO
Xaçmaz, 18 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Elmin Kərimovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin həyətində becərdiyi 189 ədəd (140 kiloqram) yaş vəziyyətdə çətənə (kannabis) bitkisi və 5,2 kiloqram marixuana aşkar olunaraq götürülüb.
Bundan başqa, polis əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Nayib Cəfərov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zamanı heroin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.