DÜNYA
Çexiya Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr edilmiş tədbirlərdə iştirak edəcək
Praqa, 10 noyabr, AZƏRTAC
Çexiyada Birinci Dünya müharibəsi illərində həlak olanların xatirəsini anım aksiyaları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, həmin müharibədə həlak olmuş 10 milyon əsgər və təxminən eyni sayda mülki şəxsin xatirəsi ölkədə kilsə ibadətləri, ictimai tədbirlər, kilsə zəngləri və sirena sədaları ilə qeyd ediləcək.
2018-ci il noyabrın 11-də Birinci Dünya müharibəsinin başa çatmasından 100 il keçir. Müxtəlif hesablamalara görə, həmin müharibə dövründə Çexoslovakiya ərazisində aparılan hərbi əməliyyatlarda təqribən 1,4 milyon hərbi qulluqçu iştirak edib, onlardan 140 minə yaxını həlak olub.
Mezirjiçedə (Çexiya) Birinci Dünya müharibəsi qurbanlarına yeni abidənin açılışı olacaq. Anım tədbirlərinin əsas hadisəsi noyabrın 11-də Vitkov təpəsindəki Milli Memorial Kompleksdə keçiriləcək təntənəli hərbi baxış olacaq. Hərbi baxışda Çexiyanın müdafiə naziri Lyubomir Netnar, baş qərargah rəisi Aleş Opata, digər görkəmli siyasi və ictimai xadimlər iştirak edəcək. Elə həmin kompleksdə əklillər qoyulacaq, müharibə veteranları və hazırda xidmətdə olan hərbçilər təltif ediləcək.
Qərb cəbhəsində sülh haqqında saziş imzalanmasının ildönümü ilə əlaqədar Parisdə keçiriləcək bayram şənliklərində müxtəlif ölkələrdən onlarca siyasətçi, o cümlədən Çexiyanın Baş naziri Andrey Babiş də iştirak edəcək.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa