DÜNYA
“Çexiya İsveçrəsi” parkı yanır VİDEO
Praqa, 27 iyul, AZƏRTAC
“Çexiya İsveçrəsi” milli parkı yanır.
AZƏRTAC xəbər verir ki, üç gün bundan əvvəl başlamış meşə yanğınını hələ də lokallaşdırmaq mümkün olmayıb. Yanğın sahəsi 1000 hektara yaxınlaşır. Küləyin gücünün və istiqamətinin tez-tez dəyişməsi yanğını söndürməyə mane olur.
Yanğının söndürülməsi üçün aviasiya vasitələri cəlb edilib. Həmhüdud ölkələrdən Çexiyaya yanğınsöndürmə texnikası - Slovakiyadan yanğınsöndürən maşınlar, İtaliyadan yanğınsöndürən təyyarələr, Polşadan yanğınsöndürən helikopterlər göndərilib. Ən nikbin ssenariyə görə yanğının tam söndürülməsi yalnız bir neçə gündən sonra mümkün olacaq.
Fövqəladə hadisənin ilk günündən Vısoka Lipa və Yeterşixovitse qəsəbələrinin sakinləri təxliyə edilib. “Çexiya İsveçrəsi”ndə fövqəladə yüksək təhlükə səviyyəsi elan edilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa