DÜNYA
Çexiya hərbi büdcəsini artırır
Praqa, 14 mart, AZƏRTAC
Çexiyanın hərbi büdcəsi artıq bu il artırılacaq.
AZƏRTAC xəbər verir ki, bu gün Çexiya parlamentinin vitse-spikeri Yan Bartoşek bu barədə elan edib. O bildirib ki, ölkənin müdafiə və maliyyə nazirlikləri hərbi məqsədlərlə ölkə ordusunun büdcəsini və digər xərcləri artırmaq haqqında qəbul edilən bu qərar barədə xəbərdar ediliblər.
Yeni silahlanma, döyüş sursatı, hərbi texnika üçün ehtiyat hissələrinin alınmasına xərclər əhəmiyyətli şəkildə artırılacaq. Söhbət milyonlarla avrodan gedir. Artıq gələn həftə dövlət büdcəsinə müvafiq dəyişikliklər daxil ediləcək.
Ölkənin Maliyyə Nazirliyində hesab edirlər ki, bu, artıq həll edilmiş məsələdir. Müdafiə Nazirliyi isə ayrılmış əlavə vəsaitin səmərəli surətdə istifadəsi üzrə bütün səyləri ortaya qoymağa hazırlaşır. Artıq ölkənin müdafiə qabiliyyətinin artırılması üzrə konkret layihələr hazırlanıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa