DÜNYA
Çexiya nə miqrantları istəyir, nə də onlara kompensasiya ödəməyi
Praqa, 5 iyun, AZƏRTAC
İstefada olan Çexiya hökumətinin sədri Andrey Babiş öz ərazisində miqrant qəbul etməkdən boyun qaçıran ölkələrin üzərinə Avropa İttifaqının digər ölkələrinin xeyrinə kompensasiya ödəmək öhdəliyi qoyan sistemin Aİ-də tətbiq olunması layihəsi ilə razılaşmadığını bildirib.
AZƏRTAC xəbər verir ki, bu layihə barədə ilk dəfə “Frankfurter Allgemeine Sonntagszeitung” qəzetinə müsahibəsində AFR Kansleri Angela Merkel məlumat verib. Eyni zamanda, o, işarə edib ki, miqrasiya siyasəti barədə müqaviləni zorla qəbul etdirmək istəmir və Aİ-nin bütün üzvləri üçün məqbul qərar tapılacağına ümid bəsləyir.
A.Babişin fikrincə, Avropa İttifaqı, ilk növbədə, miqrant axınının qarşısını almalıdır, özü də bunu Avropa qitəsi ərazisinə miqrantların ayağı dəyməmişdən əvvəl etməlidir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa