Çexiya qaçqınlarla bağlı fövqəladə vəziyyət rejimini uzatmaq niyyətindədir
AzerTAg.az
Praqa, 17 may, AZƏRTAC
Ukraynadan qaçqınlar axınının davam etməsi ilə əlaqədar olaraq Çexiya hökuməti özünün bugünkü xüsusi iclasında ölkə parlamentindən miqrasiya ilə bağlı fövqəladə vəziyyət rejiminin qüvvədə olma müddətinin uzadılmasını xahiş edib.
AZƏRTAC xəbər verir ki, Çexiya hökuməti hazırda qüvvədə olan rejimin daha 30 gün uzadılmasını xahiş edib. İyun ayında fövqəladə vəziyyət rejiminin yenidən uzadılmamasına kömək edə biləcək bir sıra təcili tədbirlər görülməsi nəzərdə tutulur. Hökumət qaçqınlara müvəqqəti sığınacaq verilməsi şərtlərini dəqiqləşdirməyi, həmçinin dövlət tibb müəssisələrinin ukraynalı qaçqınlar üçün yerli sakinlərlə bərabər şərtlərlə əlçatan olmasını təmin etməyi planlaşdırır.
Hökumətin ölkə parlamenti tərəfindən bəyənilməsini xahiş etdiyi yeni qaydalara əsasən, ictimai müəssisələrdə yerləşdirilmiş qaçqınlar üçün dotasiya onların gündə 3 dəfə qidalanması və ilkin zərurət malları ilə təmin edilməsi xərclərinin dövlət tərəfindən ödənilməsi ilə əvəz edilməlidir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Xəbərin mətnində orfoqrafik səhv var