Çexiya və Almaniyanın bəzi bölgələrindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub
AzerTAg.az
Bakı, 12 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan məlumatlara əsasən, Çexiya Respublikasının Orta Çexiya və Almaniya Federativ Respublikasının Brandenburq inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bununla əlaqədar olaraq, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınaraq həmin inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Çexiya Respublikasından və Almaniya Federativ Respublikasından gələn, yaxud həmin ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Xəbərin mətnində orfoqrafik səhv var