SİYASƏT
Çexiyada Şərq Tərəfdaşlığı Proqramının 10 illiyinə həsr olunmuş tədbir keçirilib
Praqa, 18 aprel, AZƏRTAC
Aprelin 16-17-də Praqada Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Proqramının 10 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Çexiya hökumətinin, Avropa Komissiyasının Çexiyadakı nümayəndəliyinin himayəsi və bu ölkənin Sənaye və Ticarət Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
İki gün davam edən tədbirdə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri iştirak ediblər. Tədbirdə Aİ ilə Şərq Tərəfdaşlığı ölkələri arasında ticarət və iqtisadi konvergensiya, 2020-ci ilədək qarşıya qoyulmuş hədəflərə nail olmaqda Şərq Tərəfdaşlığı ölkələri tərəfindən görülmüş işlər, həmçinin qarşıya çıxan maneələr və əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb. Ölkəmizi bu tədbirdə Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyi təmsil edib və müzakirələrdə iştirak edib.
Ölkəmizin Çexiyadakı səfirliyinin müvəqqəti işlər vəkili Etibar Abdullayev tədbirdə çıxış edərək, Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlığına dair 10 il ərzində görülmüş işlər, əldə olunmuş nəticələr və əməkdaşlığın prioritetləri barədə danışıb.
Tədbirin ikinci günü E.Abdullayev ölkəmizlə bağlı təşkil olunan panel iclasda çıxış edərək, Azərbaycanda aparılan iqtisadi islahatlar, investisiya mühiti və biznes imkanları barədə ətraflı məlumat verib, B2B görüşlər keçirib. Ölkəmizlə bağlı panel iclas tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa