MƏDƏNİYYƏT


Çexiyada “Sümüklər kilsəsi”ndə turistlərin şelfi çəkməsi qadağan edilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Çexiyanın Kutná Hora qəsəbəsində yerləşən “Sedlec Ossuary” (“Müqəddəslər məzarlığı”) qotik qəbiristanlıq kilsəsində turistlərə şelfi çəkmək qadağan edilib. Məsələ ondadır ki, 60 min skeletin qalıqlarından istifadə olunaraq müdhiş bir ekspozisiyanın yaradıldığı və xalq arasında “Sümüklər kilsəsi” də adlanan bu məkana turist axını zamanı həmin insan kəllə və sümükləri şelfi çəkənlər tərəfindən zədələnir.

AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, paytaxt Praqadan 72 kilometr məsafədə yerləşən qəsəbənin bu kilsəsi qeyri-ənənəvi dekorasiyası sayəsində on minlərlə turistin axınına uğrayır. Kilsənin girişindəki xaçdan tutmuş onun ibadət yerinədək hər bir hissəsi insan kəlləsi və sümükləri ilə “bəzədilib”. Dünyanın müxtəlif ölkələrindən buraya gələn turistlər həmin dekorasiyanın önündə fotoşəkil çəkdirərək və şelfi çəkərək Instagramda paylaşmağı çox sevirlər. Sedlec kilsə prixodunun direktoru Radka Krejçi bununla bağlı bildirib ki, 2020-ci ildən buraya gələn ziyarətçilərə şelfi çəkdirmək qadağan ediləcək. “Biz ümidvarıq ki, ziyarətçilərimiz qərarı anlayışla qarşılayacaq və onun səbəbini yaxşı başa düşəcəklər”, -deyə o qeyd edib.

Krejçinin sözlərinə görə, 2017-ci ildə kilsəni yarım milyon turist ziyarət edib və bu rəqəm ildən-ilə artır. O əlavə edib ki, kənardan fotoşəkil çəkmək üçün ziyarətdən üç gün əvvəl prixoddan icazə alınmalıdır. Bu zaman əməkdaşları turistlərə dekorasiyaya toxunmamaq barədə qaydaları izah edəcəklər. Prixod direktoru qeyd edib ki, müxtəlif dillərdə kilsəni ziyarət zamanı qaydalar izah olunsa da, bir çoxları onlara etinasız yanaşır, qədim vaxtlarda ölmüş insanların sümüklərini kilsə divarından qoparır, onları öpərək şelfi çəkdirir, hətta günəş gözlüklərini belə insan kəllələrinə taxırlar.

Qeyd edək ki, Kutná Hora tarixi qəsəbəsi UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. Burada “Sümüklər kilsəsi” ilə yanaşı, Müqəddəs Məryəm kilsəsi və Baptist Con kilsəsi də turistlərin diqqətini cəlb edir. Hər iki kilsə UNESKO-nun mühafizəsi altındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.