CƏMİYYƏT
Çexiyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib
Praqa, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar Azərbaycanın Çexiyadakı səfirliyində anım mərasimi keçirilib. Mərasimdə Azərbaycanın bu ölkədəki diaspor təşkilatlarının nümayəndələri, tələbələr və səfirliyin kollektivi iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər ilə bağlı yaradılmış guşənin önünə çiçəklər düzüb, Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra səfir Adış Məmmədov çıxış edərək Ulu Öndərin Azərbaycan xalqına müstəsna xidmətlərindən danışıb. O, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi və böyük vətən sevgisi olan Heydər Əliyevin müstəqil Azərbaycanın memarı olduğunu bildirib. A.Məmmədov Azərbaycanın təkcə beynəlxalq münasibətlər sistemində tutduğu layiqli yerə görə deyil, o cümlədən tolerant və multikultural dəyərlərə görə də Ulu Öndərə borclu olduğumuzu bildirib.
Səfir bildirib ki, Ulu Öndər artıq 19 ildir aramızda olmasa da, onun ölkəmizin inkişafı və xalqımızın firavanlığı naminə apardığı müqəddəs işi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ulu Öndərin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoymaq və ölkəmizin ərazi bütövlüyünü təmin etmək kimi ən müqəddəs arzularını da məhz onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirildiyini bildirən A.Məmmədov, xalqımızın bundan sonra da vaxtilə Heydər Əliyevin arzuları, ideyaları olan neçə-neçə qələbənin şahidi olacağına əmiliyini qeyd edib.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan film nümayiş etdirilib.
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa