QAN YADDAŞI
Çexiyada Xocalı soyqırımı qurbanlarının xatirəsi yürüşlə yad ediləcək
Praqa, 27 fevral, AZƏRTAC
Bu gün Xocalı soyqırımı həqiqətləri barədə Çex Respublikasının ictimaiyyətini məlumatlandırmaq və qətliamda həlak olanların xatirəsini yad etmək üçün Çexiyadakı Azərbaycan icmasının təşkilatçılığı və orada yaşayan Azərbaycan icmasının üzvlərinin iştirakı ilə Praqadakı Karlov körpüsündən keçərək şəhərin qədim mərkəzi “Malostranské náměstí“ adlanan meydana yürüş keçiriləcək.
Çex və ingilis dillərində "Xocalıya ədalət!", “Xocalını xatırla!” və digər şüarların yazıldığı plakat, banner və şəkillər nümayiş etdiriləcək, faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq şamlar yandırılacaq. İştirakçılar yerli sakinlərə hər iki dildə Xocalı soyqırımına dair məlumatları əks etdirən broşürlər paylayacaqlar.
Bununla yanaşı, Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Çexiya Parlamenti Deputatlar Palatasına bəyanatla müraciət edən Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə əlaqələndiricisi Eldar Vəliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə törətdiyi Xocalı soyqırımı, Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi təcavüzkar və etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verib.
Bəyanatda deyilir: “1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri Xocalıya hücum edərək günahsız sakinləri vəhşicəsinə qətlə yetirib. Qırğın nəticəsində 106 qadın, 63 uşaq və 70 qoca olmaqla 613 nəfər öldürülüb. 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi bu günə qədər məlum deyil. Faciə zamanı Xocalıda 487 nəfər şikəst olub, 8 ailə tamamilə məhv edilib, 26 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Azərbaycan ərazilərinin işğalında növbəti hədəf kimi Xocalı şəhərinin seçilməsində məqsəd azərbaycanlılar arasında çaxnaşma və qorxu yaratmaq idi. Vəhşicəsinə həyata keçirilən qətliam bu ərazinin kütləvi etnik təmizlənməsinə zəmin yaratdı. Nəticədə Azərbaycan ərazilərinin beşdəbiri işğal edildi və ölkədə təxminən yeddi nəfərdən biri məcburi köçkünə çevrildi.
Uzun müddətdir ki, erməni rəsmiləri Xocalı əhalisinə qarşı törədilən cinayətlərə görə müxtəlif bəhanələrlə məsuliyyətdən boyun qaçırırlar. Bunun isə heç bir əsası yoxdur. Çünki bu cinayətlər çoxsaylı müstəqil mənbələr və şahidlər tərəfindən peşəkarcasına sənədləşdirilib. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarının 87-ci bəndində Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyən edib.
Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini erməni işğalından azad etdi. Təəssüf ki, bu müharibə zamanı da Ermənistan dinc insanlara qarşı terror aktları törədərək, öz mənfur siyasətindən əl çəkmədi. Münaqişə zonasından uzaq olan Bərdə, Gəncə, Mingəçevir şəhərləri Ermənistan silahlı qüvvələrinin beynəlxalq miqyasda qadağan edilmiş çoxsaylı döyüş sursatları və SCUD kimi taktiki ballistik raket hücumlarına məruz qaldı. Nəticədə Azərbaycan tərəfdən 27 qadın və 12 uşaq olmaqla, 101 günahsız mülki şəxs öldürüldü və 423 nəfər yaralandı (Bu həqiqət Beynəlxalq Amnistiya (Amnesty International) və İnsan hüquqlarının müdafiəsi (Human Rights Watch) humanitar təşkilatlarının hesabatlarında da öz əksini tapıb).
Çex Respublikasında yaşayan azərbaycanlılar olaraq, bu faciənin 29-cu ildönümündə bir daha Çex Respublikası Parlamentinin Deputatlar Palatasına bu cür iyrənc hərəkətləri qınayanlardan biri olduğuna görə səmimi təşəkkürümüzü bildiririk. Beynəlxalq cəmiyyətin müharibə münaqişələri zamanı vəhşilik edənləri cəzasız qoymayacağına və bir gün Xocalı qətliamının günahkarlarının Srebrenitsa soyqırımının günahkarları kimi mühakimə olunacağına inanırıq”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa