Çexiyada azərbaycanlı uşaqlar üçün Novruza həsr olunmuş dərs keçirilib
AzerTAg.az
Praqa, 20 mart, AZƏRTAC
Çexiya-Azərbaycan Dostluq Cəmiyyəti və "Buta" bazar günü məktəbi Praqanın tarixi mərkəzində Azərbaycan diaspor üzvlərinin uşaqları üçün Novruz bayramına həsr olunmuş dərs təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, bayram dərsi zamanı 4-10 yaşlı balaca azərbaycanlılar əsrlər boyu bizə gəlib çatmış bahar bayramı ilə əlaqədar olan milli adət və ənənələrlə tanış olublar.
"Dərsdə əksəriyyəti Çex Respublikasında anadan olmuş uşaqlarımızı şəkərburanın bişirilməsi, yumurtanın boyanması və döyüşdürülməsi kimi milli ənənələrlə tanış etdik, onlara Azərbaycan xalq rəqslərini öyrətdik və əlbəttə ki, qonşulara "qulaq asırdıq" (“qulaq falına çıxdıq”) və qapılarına papaq atırdıq. Qonşular çox mehriban idi və hər dəfə şagirdlərimin papaqlarını konfetlə doldururdular", - deyə Praqadakı “Buta” məktəbinin müəllimi Rəna Abubəkirova bildirib.
"Novruz haqqında danışarkən qeyd etmək istəyirəm ki, bu bayram hər birimiz üçün Yeni ilin başlanğıcını və təbiət qüvvələrinin qış yuxusundan oyanmasını simvollaşdırır. Azərbaycanda o, hər bir ailədə qeyd olunur və bizim vəzifəmiz ondan ibarətdir ki, Çexiyada yaşayan uşaqlarımız da milli ənənələrlə əlaqəni itirməsinlər. Bu bayram əcdadlarımızla əlaqəmizi gücləndirir və sülhsevərlik və tolerantlıq kimi dəyərləri aşılayır, buna görə də bu cür ənənələri gələcək nəsillərə ötürmək çox vacibdir", - deyə Çexiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçısı və sədri Eldar Vəliyev vurğulayıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa




Xəbərin mətnində orfoqrafik səhv var