CƏMİYYƏT
Çexiyada kibertəhlükəsizlik konfransı keçirilir
Praqa, 7 oktyabr, AZƏRTAC
Bu gün dünya təkcə raketlərə, mərmilərə və tanklara deyil, həm də kiberməkanda tez-tez baş verən hücumlara müqavimət göstərir.
AZƏRTAC xəbər verir ki, bu, Moraviyanın cənubunda Çexiyanın Telç şəhərində keçirilən beynəlxalq kibertəhlükəsizlik konfransı iştirakçılarının əksəriyyətinin çıxışlarının əsas tezisidir. Tədbirin işində azərbaycanlı mütəxəssislər də iştirak edirlər.
Çexiyanın Avropa İttifaqında sədrliyi münasibətilə keçirilən konfransda 150-yə yaxın İT mütəxəssisi iştirak edir. Natiqlər çıxışlarında qeyd ediblər ki, bu cür əməkdaşlığın əhəmiyyətini qiymətləndirməmək mümkün deyil: hakerlər digər ölkələrə qarşı hibrid müharibələr çərçivəsində çox böyük iş aparırlar və çox vaxt bu dezinformasiya xarakterli məlumatların köməyi ilə baş verir.
İT – təhlükəsizlik sahəsində ekspert Mahmud Səfərov AZƏRTAC-ın müxbirinə deyib ki, elektron təhlükəsizlik bütün ölkələrin ərazisi, təkcə Avropa İttifaqının üzv ölkələri üçün deyil, həm də “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan dövlətlər üçün vacibdir. “Biz dövlət təşkilatları, şirkətlər və müxtəlif xidmətlərimizin veb-saytlarına çoxlu sayda fişing hücumları qeydə alırıq. İnformasiya təhlükəsizliyini təmin edərək biz təkcə öz şirkətlərimizə deyil, həm də bütün millətlərə, bütün dövlətlərə kömək edirik”, - deyə o qeyd edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa