DÜNYA


Çexiyada prezident seçkilərində Andrey Babiş liderlik edir

Çexiyada prezident seçkilərində Andrey Babiş liderlik edir

Bakı, 14 yanvar, AZƏRTAC

Çexiyanın sabiq baş naziri və “Narazı vətəndaşların aksiyası” hərəkatının lideri Andrey Babiş ölkədə keçirilən prezident seçkilərinin birinci turunda liderlik edir.

AZƏRTAC Çexiya mediasına istinadla xəbər verir ki, Statistika İdarəsinin səslərin hesablanma prosesinin əvvəlində yaydığı məlumata görə, sabiq hökumət başçısı seçicilərin 42,8 faizinin dəstəyini qazanır. Onun seçkilərdə əsas rəqibi ordu generalı, Çexiya ordusunun sabiq baş qərargah rəisi Petr Pavel 30,1 faiz səs toplayır.

Agentlik səslərinin təxminən iki faizini hesabladıqdan sonra seçkilərin ilkin nəticələri barədə məlumatı dərc edib. Prezident seçkilərində fəallıq 68,12 faiz təşkil edib. Şənbə günü axşamadək davam edəcək səslərin hesablanma prosesində nəticələr dəyişə bilər. Generalın seçkilərin birinci turunda ən yaxşı nəticə əldə etmək üçün xeyli şansı var.

Buna baxmayaraq, Çexiya mediası dövlət başçısının səsvermənin birinci turunda seçilməyəcəyini və ikinci turun tələb olunacağını proqnozlaşdırır.

Həmçinin digər namizədin - Mendel Universitetinin sabiq rektoru Danuşe Nerudovanın seçkilərin ikinci turuna çıxmaq və kişi siyasətçilərdən birini seçkidən kənarlaşdırmaq imkanı qalır. Hazırda o, seçicilərin 13,84 faizinin etimadını qazanır.

Bu, ölkə tarixində üçüncü birbaşa prezident seçkiləridir. Namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməsə, yanvarın 27 və 28-də seçkilərin ikinci turu keçiriləcək. Burada birinci turda ən çox səs toplayan iki namizəd iştirak edəcək.

Çexiya parlament respublikasıdır. Qanunvericilik hakimiyyəti Deputatlar Palatası və Senatdan ibarət ikipalatalı parlament, icra hakimiyyəti isə prezident və hökumət tərəfindən təmsil olunur. Konstitusiyaya görə, əsas səlahiyyətlər hökumətə məxsusdur, prezidentin səlahiyyətləri isə xeyli məhduddur. Ölkədə prezident seçkiləri beş ildən bir, parlament seçkiləri dörd ildən bir keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.