REGİONLAR
Çexiyalı sahibkarlar Gəncədə pivə zavodu açmaqda maraqlıdırlar
Gəncə, 18 may, Rauf Hacıyev, AZƏRTAC
Çexiyalı sahibkarlar Gəncə şəhərində pivə zavodunun açılmasında, mövcud avtomobil zavodunun iş prinsipinin daha da təkmilləşdirilməsində maraqlıdırlar. Həmçinin iş adamları yerli sahibkarlarla iqtisadiyyatın kənd təsərrüfatı, sənaye və turizm sektorlarında qarşılıqlı faydalı əməkdaşlıq qurmaq niyyətindədirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Gəncədə çexiyalı sahibkarlardan ibarət nümayəndə heyəti ilə keçirilən görüşdə səsləndirilib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev nümayəndə heyətinə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin ictimai-siyasi və mədəni həyatı barədə məlumat verib.
Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev çexiyalı qonaqları Gəncə-Qazax iqtisadi rayonunun imkanları, təbii resursları, sənaye potensialı, eləcə də bu şəhərdə fəaliyyət göstərən istehsal müəssisələri və xidmət sahələri haqqında məlumatlandırıb.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov elm-təhsil müəssisəsinin Çexiya universitetləri ilə imzaladığı müqavilələrdən, elm ocaqlarının qoşulduqları beynəlxalq akademik proqramlardan və aqrar sektorun aktual problemlərinin həllinə həsr olunan müxtəlif konfranslardakı birgə iştiraklarından danışıb.
Çexiyanın kənd təsərrüfati naziri Lukaş Hercik, bu ölkənin Azərbaycandakı səfirliyinin iqtisadi və ticarət məsələləri üzrə katibi Yan Yindrix, Çexiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin təmsilçisi İrjı Lukaş, MDB ölkələrinin Ticarət və Sənayə Palatasının üzvləri Frantişek Masopust və Yana Kordaçova, “Bohemia Jihlava” şirkətinin sədri Mariya Mrnkova, “Mraz Agro CZ” şirkətinin nümayəndəsi Vladimir Mraz, “EGT Express CZ” şirkətinin rəhbəri Petr Mikel, “Agromont Vimperk” şirkəti başçısı Yaroslav Smola, “Export” Zəmanət və Sığorta Şirkətinin rəhbəri Yan Dubeç, “Mrakov" Kənd Təsərrüfatı Ticarət Birliyinin üzvləri İrjı Şamberger və Yan Randa təmsil etdikləri qurumlarla Gəncə şəhəri arasında gələcəkdə qurula biləcək əməkdaşlıq imkanlarından söz açıb, həyata keçirilə biləcək layihələri müzakirə ediblər.
Görüşdə bildirilib ki, Nizami yurduna 10 çex şirkətinin nümayəndəsi gəlib və onlar qarşılıqlı əməkdaşlıq etməyə hazırdırlar. İki ölkə arasında bir çox sahələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını deyən çexiyalı qonaqlar bu əlaqələrin reallığa çevriləcəyinə ümid etdiklərini vurğulayıblar.
Sonra çexiyalı sahibkarların və Gəncə şəhərində fəaliyyət göstərən iş adamlarının iştirakı ilə biznes forum keçirilib.