REGİONLAR
Çexiyanın nazir müavini: Gəncəyə səfərimin məqsədi kənd təsərrüfatı sahəsində əməkdaşlığı inkişaf etdirməkdir
Gəncə, 12 aprel, Rauf Hacıyev, AZƏRTAC
Çexiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edir. “Tatra” şirkətinin Azərbaycanın sənaye sahəsinə daxil olması bu baxımdan əlamətdar hadisədir. Həmçinin ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın geniş perspektivləri var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Çexiyanın kənd təsərrüfatı nazirinin müavini Pavel Veselın Gəncəyə səfəri çərçivəsində şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşdə bildirib.
Çexiyanın nümayəndə heyəti ilə görüşən Niyazi Bayramov qonaqlara Gəncənin tarixi, mədəniyyət və iqtisadiyyatı haqqında geniş məlumat verib. Bildirib ki, Gəncə 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin Mədəniyyət Paytaxtı statuslarına sahib olub. Bu il isə Avropanın İdman Şəhəri statusunu daşıyır. Bütün bunlar şəhərin Avropada tanıdılması və təbliğinə müsbət təsir göstərib.
Qeyd olunub ki, Gəncədə üç universitet və üç kollec, həmçinin bir sıra iri sənaye müəssisələri fəaliyyət göstərir. Qonaqlara Azərbaycan Dövlət Aqrar Universitetinin bölgənin, o cümlədən ölkənin kənd təsərrüfatının inkişafı istiqamətində apardığı işlər haqqında məlumat verilib.
Çexiyanın kənd təsərrüfatı nazirinin müavini Pavel Veselı bildirib ki, Gəncəyə səfərinin əsas məqsədi kənd təsərrüfatı sahəsindəki əməkdaşlığı inkişaf etdirməkdir. O, heyvandarlıq məhsullarının istehsalı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərindən danışıb, Çexiyada yetişdirilən iribuynuzlu mal-qara cinsləri, onlardan alınan süd və ət məhsulları, ölkəsində istehsal olunan müxtəlif yemlər, ərzaq emalı texnologiyaları və kənd təsərrüfatının mexanikləşdirilməsinə dair ətraflı məlumat verib.
Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.