DÜNYA
Çexovun sağlığında çap olunan nadir əsəri hərraca çıxarılacaq
Bakı, 16 avqust, AZƏRTAC
Anton Çexovun sağlığında çap olunan əsəri hərraca çıxarılacaq. Bu, “İvanov. Dörd pərdəli dram” əsəridir.
AZƏRTAC xarici KİV-Lərə istinadən xəbər verir ki, “Litfond” hərrac evinin mətbuat xidmətindən bildiriblər ki, satış avqustun 24-nə planlaşdırılır.
“İvanov” 1889-cu ildə Sankt-Peterburqda 100 nüsxə tirajla nəşr olunub. Görkəmli yazıçı A.Çexov isə 1904-cü ildə vəfat edib.
Hərracda 300-dən artıq lot təqdim olunacaq. Bura kitab, avtoqraf, əlyazma, şəkil, açıqca və plakat daxildir.
Daha əvvəl təşkil olunan hərraclarda Aleksandr Blokun “Rusiya haqqında şeirlər”i rekord məbləğə - 2,3 milyon rubla, “Kino” musiqi qrupunun lideri Viktor Tsoyun rəsmi isə 250 min rubla satılıb.