REGİONLAR


Çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri davam etdirilir

Bakı, 3 iyun, AZƏRTAC

Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi sahəsində fəaliyyət göstərən yerli qurumları tərəfindən bu günə kimi respublika ərazisində çəyirtkəkimilərə qarşı 6808 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, mübarizə tədbirləri əsasən Küdrü düzü ərazisində 2480 hektar, Ceyrançöl ərazisində 4048 hektar sahədə həyata keçirilib.

Kimyəvi mübarizə tədbirləri Mikroneyr tipli ultra kiçik həcmli çiləyicilər üçün nəzərdə tutulan Chrysamed Dedex (t.m.-Alfa-sipermetrin) və Skout tipli, traktor çiləyiciləri üçün nəzərdə tutulan Arrivo (t.m-Sipermetrin) preparatlarla aparılıb.

Qeyd edək ki, tarixən ölkəmizdə Mərakeş çəyirtkəsi əsasən yovşanlı sahələrdə yaşayıb çoxalmaqla 34 rayon ərazisində qeydə alınıb. Bu çəyirtkənin əsas yayılma mənbələri Ceyrançöl, Haramı duzu, Qarasu, Padarçöl, Küdrü, Hergi düzü, Şirinqum, Lapatin və Acınohur əraziləridir. Çəyirtkə qışlaqları cari ildə isə Azərbaycanın 23 rayonunun ərazisində müşahidə edilib.

Mərakeş çəyirtkəsi qışı yumurta mərhələsində, xüsusi küpəciklər içərisində torpağın 2-7 sm dərinliyində keçirir. Dişi fərdlər 2-3 küpəcik qoyur və hər küpəcikdə 18-48 yumurta olur. Mərakeş çəyirtkəsinin sürfələri Azərbaycan şəraitində martın axırları və aprelin əvvəllərində görünməyə başlayırlar. Mühit şəraitindən asılı olaraq sürfələr 30-60 günə inkişafını başa çatdırır, yetkin dişilər isə 2-3 ay qidalanır, yumurta qoyaraq məhv olurlar.

Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda, dərhal Agentliyin müvafiq yerli qurumlarına (Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 çağrı mərkəzinə məlumat verilsin.

Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.