MƏDƏNİYYƏT


“Çiçəkli ayın qatilləri” filminin premyerası Kanda olacaq

Bakı, 1 aprel, AZƏRTAC

Mayın 20-də Kann şəhərində təşkil olunacaq Beynəlxalq Kann Film Festivalı çərçivəsində Lumier Böyük Teatrında rejissoru Martin Skorseze olan və Hollivud ulduzu Leonardo Di Kaprionun rol aldığı “Çiçəkli ayın qatilləri” filminin premyerası olacaq.

AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, premyerada Martin Skorseze, Leonardo Di Kaprio, Robert De Niro, Cessi Plemons və aktyor heyətinin digər üzvlərinin qırmızı xalçadan keçməsi gözlənilir.

Ekran əsəri Kann Film Festivalının rəsmi proqramında iştirak edəcək, lakin onun əsas müsabiqədə iştirakı hələlik bəlli deyil. Bu barədə aprelin ortalarında keçiriləcək ən nüfuzlu Avropa kinoforumunun təşkilatçılarının mətbuat konfransında mediaya məlumat veriləcək.

“Paramount Pictures”la əməkdaşlıq edən “Apple” şirkəti “Çiçəkli ayın qatilləri” detektiv dramını cari il oktyabrın 6-da kinoteatrlarda kütləvi nümayişə buraxacaq. Ekran əsərinin geniş formatda nümayişinə isə Şimali Amerikada oktyabrın 20-dən etibarən başlanılması planlaşdırılır. Kinoteatr nümayişlərindən sonra film bütün dünyada “Apple TV+” videoyayım platformasında yayımlanacaq.

Film Devid Qranın romanının motivləri əsasında çəkilib. Ekran əsərindəki hadisələr ötən əsrin 20-ci illərində Oklahomada baş verir. Süjetin mərkəzində məskunlaşdığı ərazidə neftin aşkarlanması səbəbindən Oseyc tayfasının məhvi dayanır. ABŞ tarixində ən dəhşətli cinayətlərdən biri hesab edilən məsələ FTB detektivləri tərəfindən araşdırılır.

Xatırladaq ki, rejissor Martin Skorseze 1976-cı ildə müsabiqə proqramında təqdim olunan "Taksi sürücüsü" filminə görə "Qızıl palma budağı" mükafatına layiq görülüb. Sonradan o, müntəzəm olaraq kinofestivalda iştirak edərək "İşdən sonra" filminə görə ən yaxşı rejissor mükafatını alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.