SİYASƏT


Çikaqoda Azərbaycan bayrağı qaldırılıb VİDEO

Vaşinqton, 10 noyabr, AZƏRTAC 

Noyabrın 9-da ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin meriyası qarşısında Azərbaycanın dövlət bayrağı ilk dəfə olaraq rəsmi şəkildə təntənə ilə qaldırılıb. Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (Azerbaijani Center of Midwest America - ACMA) tərəfindən təşkil olunub.

Bayraq Günü münasibətilə “Deyli” Mərkəzində keçirilən tədbirdə çıxış edən ACMA-nın prezidenti Mehriban Məmmədova ölkəmizin müstəqillik tarixi haqqında ətraflı məlumat verib, üçrəngli bayrağımızın 100 illik tarixinin olduğunu və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin qərarı ilə qəbul edildiyini deyib. “Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə edib. Bu, ilk dəfə 1918-ci ildə müsəlman dünyasında ilk demokratik dövlətin qurulması nəticəsində mümkün olub. AXC-də qadınlara seçki hüququ Birləşmiş Ştatlardan əvvəl verilib. Bu bayraq da ilk dəfə məhz həmin dövlətin bayrağı olub. 1990-cı ildə Sovet İttifaqının süqutu ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci ildə isə müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı elan edilib”, - deyə o bildirib.

Tədbirdə Çikaqo şəhər meriyasının departament rəhbəri xanım Cordan Miller Çikaqo meri Rahm Emanuelin təbrik məktubunu və Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı bəyannaməni ölkəmizin ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanova təqdim edib. Sonra çıxış edən xanım Miller Azərbaycan xalqına və Çikaqonun azərbaycanlı icmasına Dövlət Bayrağı Günü münasibətilə təbrikləri çatdırıb, icma üzvlərinin aktiv fəaliyyətini təqdir edib və onlara hər zaman dəstək göstərməyə hazır olduğunu deyib.

Digər çıxış edənlər - senator Riçard Dörbin və Nümayəndələr Palatasının üzvü, konqresmen Bobi Raşın Dövlət Bayrağı Günü münasibətilə Çikaqonun Azərbaycan icmasına və ACMA üzvlərinə təbriklərini çatdırıblar.

Türkiyə və Ukraynanın Çikaqodakı baş konsulları Umut Açar və Andrii Danyliuk, Türk Amerika Mədəniyyət Alyansının Çikaqo bölməsinin sədri Orhan Ilqaz Ülgər, Amerika Yəhudi Cəmiyyətinin nümayəndəsi Natali Kalloun, Amerika - Ukrayna Konqres Komitəsinin prezidenti İhor Diaczun, Özbək Amerika Assosiasiyasının prezidenti Olim Şaripov, Qırğızıstan Cəmiyyətinin rəhbər nümayəndəsi Esanbek Kaçkeev tədbirə qonaq qismində qatılıblar.

Mərasimdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov Dövlət Bayrağı Günü münasibətilə soydaşlarımızı təbrik edib, üçrəngli bayrağımızın hər bir azərbaycanlı üçün kimlik və birlik rəmzi olduğunu bildirib. Vurğulanıb ki, müstəqilliyinin 100 illiyini qeyd edən Azərbaycan ölkə rəhbərliyinin uğurlu siyasəti sayəsində regionda sabitlik və inkişaf, regional nəqliyyat və tranzit mərkəzə, habelə tolerantlıq və multikulturalizm modelinə çevrilib.

Türkiyənin Çikaqodakı baş konsulu Umut Açar deyib ki, Türkiyə ilə Azərbaycanı sıx dostluq və qardaşlıq münasibətləri birləşdirir. Diplomat Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətlərinin qorunmasının və inkişafının xalqlarımızın mənəvi sifarişi olduğunu vurğulayıb. Bildirilib ki, 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olub. Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı əbədi və sarsılmazdır.

Çikaqodakı türk, Ukrayna, özbək, qırğız icmalarının rəhbərləri Azərbaycan xalqını və Çikaqonun azərbaycanlı icmasını bayram münasibətilə təbrik edərək, tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.

Daha sonra ABŞ-ın və Azərbaycanın dövlət himnləri səsləndirilib. Azərbaycanın dövlət himninin sədaları altında üçrəngli bayrağımız Çikaqo şəhərində ilk dəfə olaraq təntənəli şəkildə qaldırılıb.

Sonda Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin İdarə Heyətinin sədri Fərid Məmmədov qonaqlara təşəkkür sertifikatları təqdim edib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.