DÜNYA
Çilidə azı 6 nəfər meşə yanğınlarının qurbanı olub
Bakı, 26 yanvar, AZƏRTAC
Çilinin mərkəzində tüğyan edən meşə yanğınları azı 6 nəfərin ölümünə səbəb olub. Yerli hökumətin məlumatına əsasən, həlak olanların 4-ü yanğınsöndürən, 2-si isə polis əməkdaşıdır.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda güclü quraqlığın səbəb olduğu yanğınlar 238 min hektar ərazini əhatə edir. Artıq 4 mindən çox insan təhlükəli ərazilərdən təxliyə olunub. Ölkənin paytaxtı Santyaqo şəhərində fövqəladə vəziyyət rejimi elan edilib.
Hökumət ABŞ-dan “Boeing 747” tipli yanğınsöndürən təyyarə icarəyə götürüb. Təyyarənin icarə xərclərini “Walton” şəbəkəsinin banisi, amerikalı biznesmen Sem Uolton ödəyəcək.
Bu arada Çili Prezidenti Mişel Baçelet ölkəyə rəsmi səfərə gələn Fransa lideri Fransua Ollanddan yardım istəyib. Eyni zamanda, rəsmi Santyaqo alovla mübarizə aparmaq üçün ABŞ, Kanada, Meksika, Argentina, Uruqvay, Braziliya və Perudan yanğınsöndürən təyyarə və helikopter göndərməyi xahiş edib.