DÜNYA


Çilidə piylənmə epidemiyasına qarşı mübarizə aparılır

Madrid, 16 iyun, AZƏRTAC

Çilidə çəki artıqlığı və piylənmə epidemiya həddinə çatıb.

AZƏRTAC xəbər verir ki, Cənubi Amerikanın bu ölkəsində qeyri-sağlam qidaya “müharibə elan edilməsinə” və başqa tədbirlərə baxmayaraq, əhalinin 75 faizi çəki artıqlığından əziyyət çəkir. Ekspertlər onu da qeyd edirlər ki, əhalinin yoxsul təbəqələri sağlam qidalanma imkanından məhrumdurlar.

Məktəbə Kömək və Təqaüdlər üzrə Milli Şuranın (Junaeb) məlumatına görə, 2020-ci ildə artıq yeməkdən əziyyət çəkən uşaqların sayı 54,1 faiz təşkil edib.

Tərkibində şəkər, duz, doymuş piylər və kalorilər çox olan qida məhsullarının kompleks şəkildə markalanması haqqında 2016-cı ildə qəbul edilmiş məşhur qanunun müəllifi olan senatorun sözlərinə görə, Çili bütün dünyada nələr baş verəcəyini araşdıran laboratoriyadır. XX əsrin ikinci yarısında infeksion və yoluxucu xəstəliklərə qarşı mübarizə üzrə dünyada ən səmərəli siyasətin bu ölkədə həyata keçirilməsi sayəsində Çili koronavirus pandemiyasının öhdəsindən gələ bilib. Lakin piylənmə yoluxucu xəstəlikdən də qorxuludur. Koronavirusdan il ərzində 5,6 milyon nəfər həlak ola biləcəyi halda piylənmə ildə 41 milyon insanın həyatına qon qoyur. Çilili senator fiziki fəallığı və sağlam qidalanma mədəniyyətini inkişaf etdirməyə çağırır.

Ümumdünya Səhiyyə Təşkilatı piylənmə ilə potensial ölümcül xəstəliklər (ürək xəstəlikləri, diabet və s.) arasında əlaqə olması barədə xəbərdarlıq edir. 2016-cı ildə dünyada piylənmədən əziyyət çəkən yaşlı əhalinin sayı təqribən 13 faiz olub. Bu göstəricini xeyli üstələyən Çili ABŞ və Meksika ilə yanaşı, ictimai səhiyyənin bu probleminin ön sıralarında gedir.

Çilili həkimlərin fikrincə, pəhriz saxlamaq xərc tələb edir, çünki sağlam qida çox bahadır. Əhalinin yoxsul təbəqələri çoxlu çörək yeyir və az məbləğdə qazancını pəhriz mütəxəssislərinə deyil, yeməyə xərcləməyi üstün tuturlar.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.