QAN YADDAŞI


Çilinin “Infogate” agentliyi Qanlı 20 Yanvar faciəsindən yazır

Madrid, 20 yanvar, AZƏRTAC

Çilinin “İnfogate” xəbər agentliyinin saytında Azərbaycanın Argentina və Çilidəki səfiri Rəşad Aslanovun “20 Yanvar: Azərbaycan və müstəqilliyə doğru ilk addımları” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 20 Yanvar faciəsinin Azərbaycanın tarixinə “Qara Yanvar” – ölkənin azadlığı və müstəqilliyi uğrunda qəhrəmancasına aparılan mübarizə günü kimi əbədi olaraq daxil olduğu vurğulanır. R.Aslanov bu günün ağır itkilərə və günahsız insanların ölümünə səbəb olduğunu, lakin, eyni zamanda SSRİ-nin Azərbaycana qarşı apardığı saxta siyasətə daha dözə bilməyən və qələbə, azadlıq və müstəqillik naminə səslərini ucaldan insanların cəsarətini və mübarizəyə hazır olduğunu nümayiş etdirdiyini diqqətə çatdırıb.

Məqalədə qeyd olunur ki, yaxşı silahlanmış sovet ordusu tərəfindən cəza tədbirlərinə məruz qalan Azərbaycan xalqı sınmadı, əzmkarlığını itirmədi, əksinə, onun haqq səsi daha da ucadan səsləndi. Faciədən dərhal sonra, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinin ofisində oldu, burada xalqı ilə həmrəy olduğunu bildirdi, qanlı faciə törətmiş sovet rəhbərliyini qətiyyətlə pislədi.

Sovet ordusunun dinc əhaliyə qarşı misli görünməmiş amansızlıqla həyata keçirdiyi qırğın nəticəsində Azərbaycanın paytaxtında və ətraf ərazilərdə 150-dək insan həlak oldu, 700-dən çox insan yaralandı. Ölənlər arasında qadınlar, uşaqlar və qocalar var idi.

Azərbaycan xalqı öz ölkəsinin müstəqilliyi uğrunda canlarını qurban verən əziz şəhidlərinin xatirəsini daima qəlbində saxlayır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.