SİYASƏT


Çilinin xəbər saytında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunan məqalə yerləşdirilib

Bakı, 24 may, AZƏRTAC

Çilinin geniş oxucu kütləsinə malik epicentrochile.com xəbər saytında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunan “Azərbaycanın tarixi şəhəri Naxçıvan” başlıqlı məqalə yerləşdirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Çilidəki diplomatik missiyasının müvəqqəti işlər vəkili Yasin Cəfərovun müəllifi olduğu məqalədə muxtar respublika barədə geniş məlumat verilir, Naxçıvanın tarixən Qədim İpək Yolunun üzərində yerləşdiyi, Şərq və Qərb arasında ticarət yollarını və sivilizasiyaları birləşdirdiyi, “Şərqin Qapısı” adlandırıldığı qeyd olunur.

Yazıda bu il 95 illik yubileyini qeyd edən Naxçıvan Muxtar Respublikasında zəngin mədəniyyəti əks etdirən qədim tarixi abidələrin, o cümlədən hündürlüyünə və bənzərliyinə görə Azərbaycanın “Maçu Piççu”su adlandırılan, Azərbaycan xalqının qəhrəmanlıq simvolu hesab edilən “Əlincə Qalası”nın, yerli xalq inanc və toponimlərindən əlavə Qafqazın bir çox tədqiqatçılarının əsərlərində də bəhs olunan “Nuh peyğəmbərin məzarüstü türbəsi”nin burada yerləşdiyi bildirilir.

Azərbaycanda qadına hörmətin, onun ictimai-siyasi həyatda rolunun tarixən var olduğunu sübut edən, Azərbaycan Atabəylər dövlətinin ictimai-siyasi həyatında mühüm rol oynamış Möminə Xatunun şərəfinə 12-ci əsrdə ucaldılmış, UNESKO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salınmış “Möminə Xatun” türbəsindən bəhs edilən yazıda ölkəmizdə bu dəyərin tarixən qorunub saxlanıldığı və Azərbaycanın 1918-ci ildə qadınlara seçki hüququ verən ilk dövlətlərdən olmasının heç də təsadüfi olmadığı vurğulanır.

Məqalədə, həmçinin muxtar respublikanın turistik məkanlarından, o cümlədən Ağbulaq və Batabat istirahət mərkəzlərindən, Duzdağ Fizioterapeya Mərkəzindən bəhs olunur. 2018-ci ildə İslam Əməkdaşlıq Təşkilatı Tərəfindən Naxçıvan şəhərinin “İslam Mədəniyyətinin Paytaxtı”, Azərbaycanın “Gənclər Paytaxtı” elan olunduğu, bu münasibətlə ötən il Naxçıvanda bir çox beynəlxalq və yerli festivalların, tədbirlərin keçirildiyi bildirilir.

Eyni zamanda, zəngin mədəni ənənələrə malik Naxçıvanın ənənəvi qrup rəqsi olan “Yallı”nın (Köçəri, Tənzərə), UNESKO-nun Təcili Qorunma Siyahısına daxil edildiyi qeyd olunur.

Bundan əlavə, məqalədə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı, sənaye və kənd təsərrüfatı potensialından bəhs olunur, digər məhsullarla yanaşı, məşhur “Badamlı”, “Sirab” müalicəvi mineral sularının, “Naxçıvan duzu”, “NAZ Lifan” markalı məhsullarının dünya bazarlarında öz layiqli yerini tutduğu ifadə olunur. Cənubi Qafqaz regionunun ən böyük günəş elektrik stansiyasının Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşdiyi vurğulanır, muxtar respublikanın alternativ enerji mənbələrinə malik olmaqla həm də elektrik enerjisini ixrac etdiyi bildirilir. Təmiz enerji hesab edilən alternativ enerji mənbələri ilə Azərbaycanın öz növbəsində regionun enerji təhlükəsizliyinə töhfə verdiyi qeyd olunur.

Yazıda muxtar respublikada müasir ali təhsil müəssisələrinin fəaliyyət göstərdiyi və burada xarici tələbələrin də təhsil aldığı, çilili gənclərin də müxtəlif təhsil təqaüdü proqramları çərçivəsində ölkəmizdə təhsil almaq imkanlarının olduğu bildirilir.

Sonda isə Azərbaycan Hökuməti tərəfindən yaradılan “ASAN viza” sistemi vasitəsilə dünyanın yüzə yaxın ölkəsinin, o cümlədən Çili vətəndaşlarının asan və rahat şəkildə Azərbaycan vizası əldə etmə imkanının olduğu vurğulanır, Şərq və Qərb sivilizasiyaları ilə eyni anda tanış olmaq üçün Çili vətəndaşları Azərbaycana, o cümlədən onun Naxçıvan Muxtar Respublikasına səyahət etməyə dəvət olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.