İDMAN


Çimərlik həndbolu üzrə “Nur” və “Məhsul” klubları növbəti qələbələrini qazanıblar

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 19-da Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatında növbəti günün oyunları keçirilib.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, ikinci yarış günündə də səkkiz oyun baş tutub. Əvvəlcə meydana qadın həndbolçular çıxıblar. Turun açılış oyununda “İdman Akademiyası” komandası ilə “Qarabağ” klubu üz-üzə gəliblər. Gərgin keçən matç “qızıl qola” qədər davam edib. Nəticədə 2:1 hesabı ilə qalib gələn tərəf “Qarabağ” həndbolçuları olublar. Günün digər qarşılaşmalarında “Nur” “Azəryol-2” klubundan 2:0, “Azəryol-1” komandası “Azərsu”dan 2:0 hesabı ilə üstün olub.

Daha sonra Avropa Həndbol Federasiyası (EHF) və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə çimərlik həndboluna dair seminar keçirilib.

Seminardan sonra qadınlar arasında yarışlar davam etdirilib. Fasilədən sonra ikinci dəfə meydana çıxan “Qarabağ” “Azəryol-2”ni 2:1 hesabı ilə məğlub edib. Maraqlı idman mübarizəsi şəraitində keçən matç “shoot-out”a qədər davam edib. “Azərsu” klubu ilə üz-üzə gələn “İdman Akademiyası” komandası gün ərzində ikinci dəfə məğlub olub – 0:2. Qadınlar arasında günün son matçında isə “Nur” “Azəryol-1”in qonağı olub. Görüşdən 2:0 hesabı ilə qalib ayrılan “Nur” çempionluğa bir addım da yaxınlaşıb.

Qadınlar arasında matçlar bitdikdən sonra kişi həndbolçular arasında oyunlar başlayıb. Kişilər arasında turun ilk qarşılaşmasında “Təhsil” komandası nominal ev sahibi kimi Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçilərini qəbul edib və görüşdən 2:0 hesabı ilə qalib ayrılıb. Qalibiyyət ev sahiblərini qızıl medallara daha da yaxınlaşdırıb. Günün son matçında “Bakı” və “Məhsul” komandaları üz-üzə gəliblər. Gərgin və maraqlı keçən görüş “shoot-out”a qədər davam edib. Oyun qonaq komandanın 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

Ölkə çempionatına avqustun 20-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.