DÜNYA
Çin ABŞ və Tayvan arasında istənilən rəsmi təmasın əleyhinədir
Pekin, 13 mart, AZƏRTAC
Rəsmi Pekin Çin ilə diplomatik əlaqələri olan ölkələrin Tayvan ilə istənilən formada rəsmi təmasına qəti etiraz edir.
AZƏRTAC xəbər verir ki, bu bəyanatla Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan Məsələləri Ofisinin rəsmisi An Fenşan çıxış edib.
Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Lu Kan da oxşar bəyanatla çıxış edərək, ölkəsinin ABŞ ilə Tayvan arasında istənilən rəsmi təmasa qarşı olduğunu deyib. O, ABŞ hökumətinin "Vahid Çin" siyasətinə ciddi riayət edəcəyinə ümid bəslədiyini bildirib.
Tayvan liderinin Palau, Nauru və Marşal adalarına nəzərdə tutulan səfəri və yolüstü ABŞ ərazisində dayanacağı ilə bağlı xəbərləri şərh edən Lu Kan vurğulayıb ki, Çin xalqı separatçı "İki Çin" düşüncəsinə qarşıdır. Bu cür fəaliyyət Tayvan xalqının da fundamental maraqlarına ziddir.
Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində baş verən vətəndaş müharibəsində Mao Cedonun başçılıq etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının yaradıldığını elan ediblər. "Vahid Çin" prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma "Çin Respublikası"nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir.
Azərbaycan da "Vahid Çin" siyasətini dəstəkləməklə Tayvanı ÇXR-in tərkib hissəsi kimi qəbul edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin