İQTİSADİYYAT
Çin Azərbaycanı günəş və dizel generatorlarından ibarət avadanlıqlarla təmin edəcək
Bakı, 19 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Çin Azərbaycanı avtonom enerji mənbələrinə yönəldilməsi üçün günəş və dizel generatorlarından ibarət avadanlıqlarla təmin edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Cəmil Məlikov deyib.
C.Məlikov bildirib ki, Çin hökuməti tərəfindən bununla bağlı 3 milyon dollar qrant ayrılıb. Qrantla bağlı bütün zəruri sənədlər təsdiqlənib. Artıq biz Çin tərəfinin prosedurlarına uyğun olaraq gözləmə mövqeyindəyik. Yaxın zamanlarda bu məsələnin həll olunması gözlənilir. Bu qrant hesabına Çin Azərbaycana avtonom enerji mənbələrinə yönəldilməsi üçün günəş və dizel generatorlarından ibarət avadanlıqlar verəcək. Həmin aqreqatların gücü isə 2-100 kilovat arasında dəyişir: “Ümid edirik ki, bu aqreqatlar Azərbaycanın ucqar rayonlarda və kəndlərdə quraşdırılan texnoloji avadanlıqlar, antenalar və digər qurğular üçün çox yararlı bir enerji mənbəyinə çevriləcək. Həmçinin bu texnologiyaların Azərbaycanda istifadəsi və istismarı genişlənəcək”.