İQTİSADİYYAT
Çin Beynəlxalq İdxal Sərgisində iştirak edəcək sahibkarlarla görüş olub
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubu çərçivəsində Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək 3-cü Çin Beynəlxalq İdxal Sərgisində (CIIE) iştirak edəcək sahibkarlarla videokonfrans formatında görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, 20-dək şirkətin nümayəndəsinin iştirak etdiyi görüşdə ixracın təşviqi, ixrac qabiliyyətli məhsulların beynəlxalq bazarlara çıxarılması istiqamətində həyata keçirilən tədbirlər, Çin Beynəlxalq İdxal Sərgisi, eləcə də sərgidə iştirak qaydaları barədə məlumat verilib. Şirkətlərin pandemiya səbəbindən ixrac zamanı xarici bazarlarda üzləşdikləri çətinliklərlə bağlı İqtisadiyyat Nazirliyi və AZPROMO tərəfindən göstərilən dəstək mexanizmləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda ixrac prosedurları ilə bağlı sahibkarlara maraqlı olan məsələlər müzakirə edilib, AZPROMO-nun bu istiqamətdə göstərdiyi xidmətlər haqqında məlumat verilib və sahibkarların sualları cavablandırılıb.